• SOSİAL

    10:43 15 aprel 2019

Avtobus və yük maşınlarının sürücüləri test imtahanı verəcəklər

Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ı təsdiq edib.

ONA-nın məlumatına görə, bu Proqram ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlığın təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

Tədris proqramları Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Nəqliyyat Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində və Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində (ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülərə münasibətdə) aparılır. Hazırlığın yüksək keyfiyyətini və səmərəliliyini təmin etmək məqsədi ilə qruplar 25 nəfərdən çox və 10 nəfərdən az olmayan sayda formalaşdırılır. Hazırlıq mühazirələrdən, praktiki məşğələlərdən və yekun qiymətləndirmədən ibarətdir və bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilir. Hazırlıq tədris kabinetlərində, təlim meydançasında və simulyator (avtotrenajor) otaqlarında müvafiq sahə üzrə yüksəkixtisaslı, təcrübəli müəllim və təlim ustaları tərəfindən keçirilir. Proqrama uyğun olaraq “Avtomobil nəqliyyatı haqqında” qanunun, Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”nin, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2009-cu il 3 aprel tarixli, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli qərarlarının ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair müddəaları, sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, o cümlədən ümumi istifadədə olan avtomobil nəqliyyatı sürücülərinin və sərnişinlərin, habelə sifarişçilərin hüquqlarına, vəzifələrinə, qadağalara, sərnişinlərin və yüklərin daşınma qaydalarına, sərnişin və yük daşımalarının təhlükəsizliyinin təmin olunmasına dair müvafiq müddəaları, habelə həmin daşımaları tənzimləyən normativ hüquqi aktlar barədə məlumatları özündə əks etdirən materiallardan istifadə olunur.

Hazırlıq zamanı ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin daşımalarını həyata keçirən sürücülərə etik davranış qaydaları, sərnişinlərlə ünsiyyətdə kobudluğun, avtomobil nəqliyyatında siqaret çəkilməsinin və qida qəbul edilməsinin yolverilməzliyi, həmçinin sərnişinlərlə mədəni rəftar etmənin, qonaqpərvər və nəzakətli olmağın, unudulmuş əşyalar barədə polis orqanlarının məlumatlandırılmasının zəruriliyi, habelə peşəkarlıq və məsuliyyət, sərnişinlərlə ünsiyyətin psixologiyası və münaqişəli vəziyyətlərin aradan qaldırılması yolları, müxtəlif təhlükəli yol şəraitində sürücünün davranışı haqqında, eləcə də avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə məlumatlar verilir. Hazırlıq zamanı ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən sürücülərə yüklərin qəbulu, rəsmiləşdirilməsi, təhlükəsiz yerləşdirilməsi, bərabər paylanılması, bərkidilməsi, daşınması və təhvil verilməsi qaydaları, müxtəlif növ yüklərin daşınmasının şərtləri və xüsusiyyətləri, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili yük daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə məlumatlar verilir. Hazırlıq zamanı sürücülərə tarixi mədəniyyət abidələrinin, sosial əhəmiyyətli obyektlərin, ali təhsil müəssisələrinin, ticarət obyektlərinin, xəstəxanaların yerləşdiyi ərazilər barədə qısa məlumatlar verilir. Proqramla müəyyən edilmiş məşğələlər tərtib edilmiş jurnal üzrə aparılır.

Hazırlıqda iştirak edən sürücülərin hazırlıq səviyyəsini müəyyən etmək və təqdim olunan məlumatlara marağı formalaşdırmaq üçün hər mövzu öyrənildikdən sonra və Proqramın yekununda keçirilən tədrisin sürücülər tərəfindən mənimsənilməsi keçirilən test imtahanı ilə qiymətləndirilir. Proqramın müvafiq mövzuları üzrə test tapşırıqlarının 50 faiz və ondan çoxuna cavab verən sürücülər hazırlığı müvəffəqiyyətlə bitirmiş hesab edilirlər və onlara hazırlıq keçməsini təsdiq edən və etibarlılıq müddəti 5 il olan şəhadətnamə və tədris olunan mövzuları daha yaxşı mənimsəmələri üçün əyani yaddaş materialları təqdim olunur. Proqramın müvafiq mövzuları üzrə test tapşırıqlarının 50 faizinə cavab verə bilməyən sürücülərin Proqramın mövzuları üzrə bilikləri təkrarən qiymətləndirilir. Qiymətləndirmədə qeyri-məqbul nəticə göstərən sürücü hazırlığı bitirdikdən sonra 6 ay müddətində təkrar qiymətləndirmədə müvəffəqiyyətli nəticə göstərmədikdə, bu Proqram üzrə hazırlığı təkrar keçməlidir. Şəhadətnamə sürücüyə təqdim olunur və onun tərəfindən yalnız şəxsiyyəti təsdiq edən sənədlə birgə təqdim edildikdə etibarlıdır.

Şəhadətnamə əvvəlki nömrəsi saxlanılmaqla aşağıdakı hallarda dəyişdirilə bilər:

- sürücünün soyadı, adı, atasının adı dəyişdikdə;

- şəhadətnamədə yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə;

- şəhadətnamə yararsız hala düşdükdə.

- Şəhadətnamə itirildikdə onun dublikatı verilir.

Beynəlxalq sərnişin və yük daşımaları üzrə tədris proqramını bitirib şəhadətnamə əldə etmiş sürücülərə ölkədaxili sərnişin və yük daşımaları üzrə tədris proqramına əsasən hazırlıq keçib şəhadətnamə əldə etmələrinə ehtiyac duyulmur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Nəqliyyat Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu Proqrama uyğun keçirilmiş hazırlıq üzrə verilmiş şəhadətnamələrin uçotunu aparırlar.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR