“Azərbaycan ən təhlükəsiz və yüksək effektivliyə malik vaksin əldə edib”.
APA-nın məlumatına görə, bunu, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov deyib ki, Azərbaycana vaksinlərin ilk partiyası artıq gəlib: “Yanvarın 18-dən vaksinasiyanın 1-ci mərhələsi, fevralın 1-dən vaksinasiyanın 2-ci mərhələsi başlanacaq. İlk olaraq 65 yaşdan yuxarı olanlara vaksin vurulacaq”.
Ş. Mövsümov qeyd edib ki, bir insana iki doza vaksin lazımdır. Azərbaycana gətiriləcək 4 milyon vaksin 2 milyon insan üçündür.
Onun sözlərinə görə, ikitərəfli qaydada “Sinovac” şirkətinin regional nümayəndəliyindən 4 milyon doza “CoronaVac” vaksini alınacaq: “Azərbaycana bu vaksinin az bir hissəsi gətirilib, istehsal edildikcə mərhələ-mərhələ gətiriləcək. Çoxtərəfli COVAX platforması çərçivəsində isə əhalinin 10 faizini əhatə edən səviyyədə - 1 milyon insan üçün 2 milyon doza vaksin alınacaq. Bizim əlavə 10 faiz də vaksin almaq, yəni bu göstəricini 20 faizə çatdıraraq 2 milyon insan üçün vaksin almaq imkanımız var.
COVAX çoxtərəfli platforması üzrə əhalinin 20 faizinin - 10 faiz+10 faiz olmaqla – vaksinasiya edilməsinə dair müqaviləmiz var. Bu, 2 milyon əhali edir. “Sinovac” şirkətindən də 2 milyon əhali üçün də 4 milyon doza alınacaq.
Beləliklə, əhalinin 40 faizini əhatə edəcək qədər vaksin alınacaq. Eyni zamanda xəstələnib sağalan insanlara peyvənd vurulmur, çünki onlarda artıq immunitet var. Növbəti aylarda da yoluxanlar, sağalanlar olacaq. Ona görə də hesab edirik ki, alınan vaksin bizə kifayət edəcək”.