• SOSİAL

    16:40 6 may 2019

Azərbaycan dili fənni üzrə imtahanın nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi mayın 5-də tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili fənnindən keçirilən test imtahanının nəticələrini açıqlayıb.

ONA-nın xəbərinə görə, imtahan nəticələri ilə Dövlət İmtahan Mərkəzinin (DİM) saytında tanış olmaq mümkündür. Şagirdlər həmçinin imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 15468 abituriyentdən 396 nəfəri imtahana gəlməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub.

İmtahanda iştirak edən 15072 abituriyentdən 10353 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

Qeyd edək ki, hər iki imtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilir.

Cari ilin (9 və 11-ci sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Bu imtahanın nəticəsi (toplanılan bal) şagirdin yekun attestasiya sənədinə yazılır. Abituriyentlərin balı 50 və daha yuxarı olduqda isə “məqbul” qiymət almış hesab olunurlar və ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqəyə buraxılırlar.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR