Azərbaycanın Gürcüstandakı səfirliyi soydaşlarımızın yığcam yaşadığı Marneuli və Bolnisi rayonlarına humanitar yardım edib.
APA-nın yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi sözügedən rayonlarda aztəminatlı ailələr üçün 600 qutu ərzaq paylayıb. Ayrılan ərzaq Marneuli rayonunda yaradılmış blok-postda Kvemo Kartli qubernatoru Şota Rexviaşviliyə təqdim edilib.
Səfir Dursun Həsənov bildirib ki, yardım aksiyası Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilib.
“Biz Azərbaycan Prezidentinin təşəbbüsü ilə xeyriyyə tədbiri keçiririk. Aksiya dünən başlayıb. Bu gün Marneulidəyik. Aksiya Rustavi, Qardabani, Kaxeti, Tbilisi, Şida Kartli rayonlarında da keçiriləcək”, - deyə səfir bildirib.