Azərbaycan məhkəmələrində işlər hakimlər arasında təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürüləcək.
ONA-nın xəbərinə görə, bu, Azərbaycan Prezidenti İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” bu gün imzaladığı fərmanda nəzərdə tutulur.
Fərmanda Məhkəmə-Hüquq Şurasına bir sıra tövsiyələr edilib. Onlar aşağıdakılardır:
- hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaratsın;
- hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığı daha da artırsın, bu sahədə tətbiq edilən meyarları təkmilləşdirsin;
- hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünü təmin etsin;
- ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi məqsədilə aşağıdakı sahələrdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə məhkəmələrin riayət etməsinin mütəmadi monitorinqini aparsın:
- məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi;
- qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi.