• SOSİAL

    16:25 17 may 2019

Azərbaycan nümayəndə heyəti Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platformanın işində iştirak edib

Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 13-17 may 2019-cu il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platformanın işində iştirak edib.

FHN mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, platformanın gündəliyi “Dayanıqlığın Dividendləri: Dayanıqlı və Əhatəli Cəmiyyətlərə Doğru” mövzusuna həsr olunub.

Tədbirin təşkil olunmasında əsas məqsəd BMT-yə üzv ölkələr tərəfindən 2015-2030 illəri əhatə edən Sendayi Fəaliyyət Çərçivəsi sənədinin və Daimi İnkişaf Məqsədlərinin əhatə etdiyi məsələlər üzrə həyata keçirilmiş işlərin nəzərdən keçirilməsi, qiymətləndirilməsi, habelə bu sənədlər üzrə mövcud regional sazişlərin və fəlakət risklərinin azaldılması üzrə milli strategiyaların təqdim olunması, üzv ölkələrin əldə etdiyi təcrübə və istifadə olunan mexanizmlər üzrə müzakirələrin aparılması olub. Tədbirdə BMT-yə üzv dövlətlərdən yüksək səviyyəli nümayəndə heyətləri iştirak edib.

Qlobal Platforma çərçivəsində Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu ilə görüşüb. Görüş zamanı birgə əməkdaşlığın perspektivləri müzakirə olunub, Azərbaycanda fəlakətlərin azaldılması üzrə həyata keçirilən layihələr və Fəlakət Risklərinin Azaldılması üzrə Milli Strategiyanın hazırlanması ilə bağlı görülən işlərə toxunulub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışılıb.

Fəlakət Risklərinin Azaldılması üzrə Milli Strategiyanın hazırlanması ilə bağlı görülən işlər nazir müavini R.Lətifovun BMT-nin Fəlakət Risklərinin Azaldılması Ofisinin Avropa və Orta Asiya üzrə rəhbəri Paolo Albrito ilə keçirilən görüşündə də müzakirə olunub. Görüşdə Milli Strategiyanın yaradılması, bununla əlaqədar fəaliyyət göstərən Milli Əlaqələndirmə Qrupunun işi barədə danışılıb.

Tədbir çərçivəsində Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platformanın işində iştirak edən ölkələrin rəhbər şəxslərinin iştirakı ilə dəyirmi masa təşkil olunub. Nazir müavini Ragim Lətifov tədbirdə iştirak edib.

Daha sonra Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platforma işini davam etdirib. Tədbirdə çıxış edən Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifov ölkəmizin coğrafi mühiti və təbii fəlakət riskləri barədə geniş məruzə ilə çıxış edib. O, ölkəmizdə təbii fəlakət risklərinin azaldılması istiqamətində görülmüş işlər barədə məlumat verib, əhalinin və ərazilərin təbii və texnogen mənşəli fəlakətlərdən qorunması sahəsində əldə olunan nailiyyətlərdən söz açıb. Nazir müavini bu istiqamətdə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin mühüm rol oynadığını diqqətə çatdıraraq, keçirilən Qlobal Platformanın fəlakət risklərinin azaldılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Nazir müavini Sendai Fəaliyyət Çərçivəsi sənədinin reallaşdırılması istiqamətində ölkəmizdə görülən işlər barədə də geniş məlumat verib.

Qeyd edək ki, Cenevrə şəhərində keçirilən Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platforma işini bu gün yekunlaşdırıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR