Azərbaycan Türkiyədən 320 avtobus alacaq
  • SOSİAL

  • 17:23 11 Dekabr 2020

Azərbaycan Türkiyədən 320 avtobus alacaq

Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi davam etdirilir.

ONA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında bildirilib. Məlumata görə, dövlətin birbaşa diqqət və qayğısının nəticəsidir ki, son 5 ildə paytaxtın avtobus parkının 40%-i yenilənib. Bildirilib ki, Prezidentin tapşırığı ilə ötən müddətdə 603 ədəd orta və iritutumlu müasir sərnişin avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Bu il üçün isə daha 115 ədəd avtobus alınıb ki, artıq onlarında 80 ədədi Bakıdadır. 9 metrlik 35 ədədi yaxın vaxtlarda gətiriləcək.

Qeyd olunur ki, köhnə və istismar müddətini başa vuran avtobuslar xətlərdən çıxarılaraq yeni, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla əvəz edilir. Tədricən şəhərin mərkəzi ilə yanaşı ətraf kənd və qəsəbələr üzrə də vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətləri göstərilir Gündəlik təxminən 360 min nəfərdən artıq sərnişin yeni və müasir avtobuslardan istifadə edir.

Dövlət başçısının müasir avtobusların alınması ilə bağlı tapşırığına uyğun olaraq daha 320 ədəd orta və iritutumlu avtobus alınacaq. Bununla bağlı dekabrın 10-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təşkil olunan mərasimdə Bakı Nəqliyyat Agentliyi ilə qardaş ölkənin “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında müqavilə imzalanıb. 

170 ədədi 9, 150-ədədi isə 12 metrlik olacaq bu avtobuslar sərnişindaşıma tələblərinə tam cavab verir. Yeni müasir və rahat 9 metrlik avtobusların gətirilməsi xüsusi ilə daha çox kənd və qəsəbələr üzrə müasir sərnişindaşıma xidmətləri ilə göstərməyə imkan verərəcək. 

Avtobus parkının yenilənməsi pandemiya dövründə şəhər nəqliyyatının dayanıqlığını da təmin edib. Xüsusi ilə avtobus parkında 18 metrlik avtobusların olması səhər və axşam pik saatlarında sərnişin axının idarə olunması baxımından əhəmiyyətlidir.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR