Avstraliya İttifaqında 2019-cu ilin sonlarından tüğyan edən irimiqyaslı meşə yanğınlarının ağır fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək məqsədilə, Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən 50 min ABŞ dolları məbləğində humanitar yardım ayrılıb.
Xarici İşlər Nazirliyindən APA-ya bildirilib ki, bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru cənab Seymur Fətəliyev maliyyə töhfəsinə dair sertifikatı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruzəli Aslanova təqdim edib. Sözügedən vəsait Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə Avstraliya Qırmızı Xaç Cəmiyyətinə ianə edilib.
Qeyd edək ki, xarici kütləvi informasiya vasitələri tərəfindən Avstraliyanın əsasən cənub-şərq sahillərində baş vermiş yanğınların nəticəsində 25 nəfərin həyatını itirdiyi, 2000-ə yaxın evin və 8 milyon hektardan artıq ərazinin yandığı, yüz milyonlarla heyvanın tələf olduğu bildirilir.