Azərbaycanda aprel-may aylarında 11 nəfəri ilan sancıb.
Baş toksikoloq, Bakı Şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov ONA-ya bildirib ki, ilan sancması ilə bağlı aprel ayında 6, may ayının əvvəllərində isə 5 müraciət daxil olub.
Onun sözlərinə görə, ilan sancmaları Bakı ətrafı kəndlərdə və regionlarda baş verib.
A.Maqsudov əqrəb sancması ilə bağlı aprel ayında 3, may ayında isə 1 müraciətin daxil olduğunu deyib. O əlavə edib ki, qara qurd sancması ilə bağlı müraciət daxil olmayıb.
Tibb müəssisələrinin zərdabla təminatı məsələsinə toxunan baş həkim qeyd edib ki, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən istər mərkəzi rayon xəstəxanalarına, istərsə də təcili tibbi yardım briqadalarına artıqlaması ilə zərdab paylanılıb.
Baş toksikoloq sahələrdə çalışan insanlara diqqətli olmağı, habelə rezin əlcəklərdən istifadə etməyi tövsiyə edib.