Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 27 şəhər və rayonda orta ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan 28919 şagird üçün buraxılış imtahanı keçirib.
DİM-dən ONA-ya verilən məlumata görə, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Aprelin 15-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.
Bundan əlavə, imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.
İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yay qəbul imtahanları keçirilənədək elan olunması nəzərdə tutulur.
***
saat 08.00
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 27 şəhər və rayonda ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirir.
DİM-dən ONA-ya verilən məlumata görə, ümumilikdə 28919 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahan saat 11:00-da başlanır.
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək.
İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 68 imtahan mərkəzi ayrılıb. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
İmtahanda 28919 (Sumqayıtda 3381, Abşeronda 2860, Gəncədə 2661, Göygöldə 726, Samuxda 454, Naftalanda 54, Goranboyda 1032, Daşkəsəndə 194, Şəki 1641, Oğuzda 474, Qəbələdə 1151, Lənkəran 1514, Astara 717, Biləsuvarda 743, Ağsuda 518, Zərdabda 419, Şamaxıda 638, Kürdəmirdə 921 , Ağdamda 657, Yevlaxda 1062, Bərdədə 1512, Tərtərdə 673, İmişlidə 1154, Saatlıda 663, Sabirabadda 1155, Xaçmazda 1430, Şabranda 515) nəfər 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına 68 ümumi imtahan rəhbəri, 218 imtahan rəhbəri, 2342 nəzarətçi‑müəllim, 226 buraxılışı təşkil edən əməkdaş, 68 bina nümayəndəsi ayrılıb.
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Buraxılış imtahanlarının (qəbul imtahanlarının I mərhələsinin) nəticələri iki il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə I, II, III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında (II mərhələdə) eləcə də V qrup üzrə ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsində iştirak etmək hüququ verir.
V ixtisas qrupu (xüsusi qabiliyyət tələb edən ixtisaslar) və orta ixtisas təhsili müəssisələri üzrə də müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.