• SOSİAL

    19:07 28 aprel 2020

Azərbaycanda ağır koronavirus xəstələrinə konvalesent plazma müalicəsi tətbiq olunacaq

Koronavirus xəstələrinin müalicəsində istifadə olunan konvalesent plazma müalicəsi artıq Azərbaycanda da tətbiq edilməyə başlanılacaq.

TƏBİB-dən APA-ya verilən məlumata görə, immun plazma müalicəsi COVID-19 diaqnozu ilə müalicə alıb sağalmış xəstələrdən Mərkəzi Qan Bankı tərəfindən toplanan qan plazmasının ağır vəziyyətdə olan xəstələrdə istifadəsi ilə həyata keçirilən müalicə metodudur.

Koronavirus xəstələri üçün kimlər plazma donoru ola bilər?

• COVID-19 diaqnozu laborator olaraq təsdiqlənib sonradan sağalan şəxslər;

• Klinik olaraq tam sağalmadan ən azı 14 gün sonra, 2 dəfə test nəticəsi neqativ olan şəxslər;

• 18-60 yaş arası könüllülər;

• Kişi və hamilə olmayan qadınlar (düşüyü və abort olmamış), həyatının heç bir dövründə qan transfuziyası edilməmiş insanlar.

Uyğun donor qan donorluğunda olduğu kimi razılıq forması doldurur və müayinə edilir. Daha sonra donordan qan alınaraq laborator testlər həyata keçirilir. Test nəticələri uyğun olan donorlardan aferez metodu ilə plazma alınır. Prosedur 45-60 dəqiqə davam edir. Donordan immun plazma 1 ay ərzində ən çox 3 dəfə, ilk plazmanın götürüldüyü tarixdən etibarən 7-10 gün fasilə ilə alına bilər.

Plazma alınmasının donor üçün riski varmı?

• Bu prosedurun donorun sağlamlığı üçün heç bir riski yoxdur;

• Aferez proseduru zamanı qanın ayrılması üçün istifadə olunan setlər birdəfəlik və sterildir;

• Setlər qapalı sistem kimi işləyir;

• Prosedur zamanı qan cihazla təmas etmir.

Sağalan xəstələrin məlumatları TƏBİB tərəfindən Mərkəzi Qan Bankına göndərilir və plazma donorları Mərkəzi Qan Bankı tərəfindən seçilir. Könüllü donorlar müəyyən olunmuş növbəli sistem əsasında Mərkəzi Qan Bankına dəvət olunur. Gəlmə imkanı olmayan könüllü donorlar üçün Mərkəzi Qan Bankı tərəfindən gəliş-gedişləri təmin olunur. Xəstəxanadan gələn tələblərə əsasən plazmalar göndərilir. Plazma istəyi xəstə yaxını və ya xəstənin özü tərəfindən edilə bilməz.

Məlumatda o da bildirilir ki, bu müalicə tam ödənişsizdir, bütün xərclər TƏBİB tərəfindən qarşılanır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR