Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
İclasda məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında dövlət başçısı cənab İlham Əliyevin 03.04.2019-cu il tarixli Fərmanı üzrə görülən işlər müzakirə edilib.
Şuradan ONA-ya verilən məlumata görə, Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda bildirilib ki, Fərmanın icrasından irəli gələn məsələlər dərhal bütün apellyasiya məhkəmələri sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə Şurada geniş müzakirə edilərək kompleks tədbirlər müəyyən olunub.
Qarşıya qoyulmuş məsələlərin icrasının təşkili məqsədilə Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə və Baş Prokurorluğun məsul vəzifəli şəxslərindən ibarət xüsusi işçi qrupu yaradılıb. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, sahibkarlığın inkişafının sürətlənməsi, məhkəmələrə müraciət imkanının asanlaşması, “Elektron məhkəmə” informasiya sisteminin tam tətbiqi üzrə vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş və silsilə ictimai müzakirələr keçirilib, televiziya və digər kütləvi informasiya vasitələrində yüzlərlə çıxışlar edilib.
Həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməsi məqsədilə xarici dövlətlərə ezamlar təşkil edilib, birgə işçi qrup tərəfindən bu sahədə bir sıra mühüm qanunvericilik layihələri hazırlanıb.
İclasda hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə Şurada “Qaynar Xətt”in yaradılması, zəruri layihələrin hazırlanması vurğulanıb. Qeyd edilib ki, məhkəmələrdə monitorinqlər keçirilərək qeyri-prosessual münasibətlərə şərait yaradan və vətəndaşların haqlı narazılığını doğuran pozuntular yerində dərhal aradan qaldırılıb, daha kobud nöqsanlara yol vermiş 2 hakim barədə intizam icraatı başlanılıb.
Eyni zamanda iclasda Fərmandan irəli gələn məsələlər üzrə əlavə tədbirlər müəyyən olunub, təcrübəli hakimlərin və “ASAN” xidmətlə əməkdaşlıq çərçivəsində könüllülərin Şuranın fəaliyyətinə cəlb olunması təqdir edilib.
Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Tərtər rayon məhkəməsinin hakimi Mübariz Məmmədovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Quba rayon məhkəməsinin hakimi Zamin Tahirovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib.