“Azərbaycanın internet məkanında botnet problemi hələ də öz aktuallığını qoruyub saxlayır, lakin ötən illərə nisbətən bu, elə də kritik həddə deyil”.
Bu barədə ONA-ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov deyib.
Onun sözlərinə görə, mövcud problemin həlli istiqamətində Elektron Təhlükəsizlik Xidməti müvafiq beynəlxalq təşkilatlarla birgə çalışaraq, məlumat mübadiləsi aparır. “Bunun nəticəsi olaraq biz onlardan ölkədə İP-ünvanları yoluxmuş kompüterlərin sayı barədə məlumat alırıq və bu barədə provayderləri məlumatlandırırıq. Biz botnetlə mübarizədə bir çox vendorlarla çalışırıq və əgər yeni həllər təklif olunarsa, biz əlbəttə ki, müzakirə aparmağa hazırıq. Onu da deyim ki, Azərbaycanda ötən illərə nisbətən botnetlə bağlı vəziyyət əlbəttə yaxşılaşıb. Lakin tam arxayınlaşmaq lazım deyil”, - deyə xidmət rəhbəri qeyd edib.
Qeyd edək ki, botnet istifadəçinin xəbəri olmadan yoluxmuş kompüteri məsafədən idarə etməyə imkan verən ziyanverici proqramlarla - botlarla yoluxmuş kompüterlərdən ibarət şəbəkədir. Bot istifadəçinin kompüterində gizli quraşdırılan və bəd niyyətlə yoluxdurulmuş kompüterin resurslarından istifadə etməklə müəyyən əməlləri yerinə yetirməyə imkan verən proqramdır. Botnetlər adətən SPAM göndərilməsi, konfidensial informasiyanın toplanması, DDos-hücum və “fişinq” üçün istifadə edilir.