“Hazırda respublika üzrə istismara qəbul olunmamış çoxmənzilli yaşayış binalarının sayı 434 ünvan təşkil edir ki, bunun da 381-i Bakı şəhərindədir”.
ONA-nın xəbərinə görə, bunu “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanın icrası ilə bağlı görülmüş işlər barədə növbəti müşavirədə çıxışı zamanı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin binasında müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə qərargah yaradıldığını xatırladan nazir qeyd edib ki, 15 aprel 2019-cu il tarixinə kimi bu qərargahda 227 yaşayış binasının (kompleksinin) nümayəndələri qəbul edilərək, onlara zəruri izahatlar verilib.
Binalarda müayinə işlərinin yekunlaşdığını, bunun əsasında aşkar edilən çatışmazlıqlarla bağlı görüləsi işlərin tez bir zamanda müəyyən olunacağını bildirən nazir onu da deyib ki, 14 binaya dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada bu binaların istismara hazır olması barədə rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub.