Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) dünyada yayılan yeni növ koronovirus (COVID-19) infeksiyası ilə bağlı növbəti toplantı keçirilib.
ONA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidməti məlumat yayıb. Toplantıda Azərbaycanda bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər və profilaktika məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən görülən işlərdən danışıldı. Koronavirus, o cümlədən digər qrip infeksiyaları barədə əhalinin tibbi maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev işçi heyətə virus haqqında insanları doğru məlumatlandırmaq, əhalinin hər bir təbəqəsinin informasiyalara əlçatanlığını təmin etmək üçün xüsusi tapşırıqlar verib. O qeyd edib ki, görüləcək işlər sürətlə həyata keçirilməli və beynəlxalq standartlara cavab verməlidir. Eyni zamanda vurğulandı ki, koronavirus xəstəliyinin qarşısının alınması və ondan qorunma üsullarını əhatə edən müvafiq məlumatlandırıcı materiallar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında İSİM tərəfindən hazırlanaraq çap edilib. Maarifləndirici materialların təhsil müəssisələrində, idarə və təşkilatlarda paylanılması, sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.
Materiallara əlçatanlığın təmin edilməsi məqsədi ilə, İSİM-in Sağlamlıq portalında (http://www.saglamliq.isim.az/) koronovirus barədə ayrıca məlumat bazasının yaradılması və maarifləndirici materialların burada yerləşdirilməsi qərara alınıb.