Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi” adlı regional layihəyə start verib.
ONA-nın xəbərinə görə, keçən həftə Bişkekdə, Qırğızıstanda keçirilən layihənin ilk seminarı, bu gün Bakıda baş tutub.
Seminarda bildirilib ki, dünyada istifadə olunan pestisidlərin yarısı istifadəyə yararsız vəziyyətdədir və onların əksəriyyəti keçmiş Sovet İttifaqının ərazisində, xüsusilə də Mərkəzi Asiya ölkələrindədir. Mərkəz olan mühüm bir subregionda pestisidlər kənd təsərrüfatında, xüsusilə pambıqçılıqda geniş istifadə olunur. Lakin hüquqi tənzimləmə, idarəetmə və bir çox məsələlərdə hələ də çatışmazlıqlar var.
FAO-nun Tərəfdaşlıq və Əlaqələndirici Ofisinin rəhbərinin müavini Dinara Abbas deyib ki, 2015-ci ildə Azərbaycan hökuməti FAO ilə çox geniş proqram imzalayıb: "Bu proqram 2016-2020-ci illəri əhatə edir və 10 milyon dollar dəyərindədir. Ümumi olaraq FAO -nun Azərbaycanla 9 layihəsi var. Bu layihə də onların içərisindədir".
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Xəyalə Dadaşova deyib ki, layihə ölkə üçün olduqca əhəmiyyətlidir: "Ölkədə pestisidlərlə işləmək üzrə problemlərimiz var. Gəncə, Ucar, Salyanda lazımsız şəkildə saxlanan pestisidlər var. Onların bir mərkəzdə toplanaraq məhv olunması vacibdir. Qida təminatı hazırlanır. Pestisidlərdən düzgün istifadə olunmaması insan orqanizminə və ətraf mühitə mənfi təsir göstərir. Bununla bağlı rayonlarda maarifləndirmə işi aparılmalıdır. Ölkədə həm də bu sahədə kadr çatışmazlığı var. Bunun üçün də layihədən gözləntilərimiz çoxdur".
FAO-nun beynəlxalq eksperti Tania Santivanez deyib ki, zərərvericilərlə mübarizə və pestisidlərin idarə olunması barədə danışarkən əkinçilik, bitki istehsalı və məhsuldarlıqla yanaşı, zərərvericilərin və pestisidlərin kiçik fermerlərə, bazarlara, ticarətə və təbii sərvətlərə necə təsir göstərdiyindən də söz açılır: "Bu, sağlam qidaların mövcudluğuna və sağlam qidanın əldə olunmasına təsir göstərərək ümumi ərzaq sisteminə təsir göstərir. Region üzrə 900 min tonluq çirkləndiricilər və yararsız olan pestisidlər təhlükəsiz qaydada məhv edilməli və çirklənmiş sahələr bərpa olunmalıdır. İqlim dəyişməsi və əkinçilik məhsullarının istehsalının intensivləşməsi zərərvericilərin və xəstəliklərin faizini artırır. Hesablamalara görə, həşəratlardan, otlardan və xəstəliklərdən təxminən illik itkilər 20-40 arasında dəyişir. Pestisidlər məhsul zərərlərinin azaldılmasında mühüm rol oynayır, lakin düzgün istifadə edilmədikdə, insan sağlamlığına və ətraf mühitə mənfi təsir göstərə bilərlər".
T.Santinavez bildirib ki, FAO bu layihəyə inteqrasiya olunmuş zərərvericilərin idarə olunması ilə yanaşı alternativ həllərin artırılmasını və davamlı kənd təsərrüfatı naminə müəyyən məhsullara agroekoloji yanaşmaların təşviq edilməsini məqsəd qoyulub. Bildirib ki, Azərbaycan hökumətindən, qeyri-hökumət təşkilatlarından və universitetlərdən müxtəlif mütəxəssislərin iştirakı ilə zərərvericilər və pestisidlərin idarə olunması üzrə layihənin effektiv həyata keçirilməsi üçün aydın bir yol xəritəsi hazırlanacaq.