• SOSİAL

    13:49 20 iyul 2020

Azərbaycandakı etnik icma rəhbərləri: Ermənistanın Tovuz bölgəsində törətdiyi hərbi təcavüzü, təxribatları qətiyyətlə pisləyirik - BƏYƏNAT

Azərbaycan Respublikasındakı etnik icma rəhbərləri birgə bəyanat verib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən APA-ya verilən məlumata görə, bəyənatda deyilir:

"Biz, təmsil etdiyimiz Azərbaycan xalqları adından Ermənistanın 2020-ci il iyul ayının 12-dən etibarən Azərbaycanın Tovuz bölgəsində törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pisləyir, onların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə qarşı yönəldilmiş çirkin fəaliyyət kimi dəyərləndiririk. Onu da bildiririk ki, Ermənistanının siyasi rəhbərliyi növbəti dəfə məsuliyyətsiz və mənfur əməlləri ilə regionda sülh və təhlükəsizliyin bərqərar olunmasına ciddi şəkildə mane olub, digər tərəfdən növbəti məğlubiyyəti ilə öz xalqını xaosa, səfələtə sürükləyib, daxili siyasi böhranı daha da dərinləşdirib. Həmin təcavüz aktları nəticəsində Azərbaycanın ondan çox hərbi qulluqçusu, o cümlədən yüksək rütbəli zabitlər və bir dinc sakin həlak olub".

Bəyənatda deyilir ki, münaqişənin əvvəllərində olduğu kimi, bu gün də milli ordumuzun sıralarında Azərbaycanda yaşayan xalqların yüzlərlə nümayəndələri - əsgər və zabitlərimiz var: "Eləcə də bu gün müxtəlif xalqların övladları da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına səs verərək könüllü olaraq orduda xidmət etmək, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, torpaqlarımızı mənfur düşməndən təmizləmək istəyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət ediblər. Azərbaycanda elə bir xalq yoxdur ki, bu müqəddəs amal uğrunda mübarizədə şəhid verməsin. Lakin biz şəhidləri etnik mənsubiyyətinə, dilinə, dininə görə ayırmırıq. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanların hər biri bizim üçün əzizdir, igid övladlarımız, qardaşlarımızdır və onların ruhu qarşısında ehtiramla baş əyirik.

Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların içərisinə ədəvət toxumu səpməyə, süni qarşıdurma yaratmağa çalışmış, lakin öz mənfur niyyətinə nail ola bilməyib. Əksinə, onların çirkin təxribatları, dinc əhaliyə qarşı törətdikləri cinayətlər, döyüş bölgələrində verdiyimiz şəhidlər bizim sıralarımızı daha da genişləndirir, işğalçı düşmənə nifrət hissini artırır, xalqlarımız arasında birlik, qardaşlıq tellərini daha da sarsılmaz edir.

Biz onu da yaxşı bilirik ki, tarixi Azərbaycan əraziləri olan indiki Ermənistan Respublikasında müxtəlif xalqların nümayəndələri yaşayıblar. Lakin Ermənistanda dövlət siyasəti səviyyəsində yürüdülən faşizm, etnik təmizləmə, millətçilik və etnofobiya nəticəsində bu ölkə rəsmi olaraq monoetnik dövlətə çevrilib, digər xalqların nümayəndələri açıq təhdid və təzyiq yolu ilə doğma yurdlarından didərgin salınıblar. Belə olan təqdirdə, Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsində özünü Azərbaycanda yaşayan xalqların «dostu və himayədarı» kimi təqdim etməsi heç bir mənəvi-əxlaqi normalara sığmır, bu fəaliyyətin arxasında çirkin məqsədlərin dayanmasını açıq şəkildə göstərir.

Vətənimiz Azərbaycanın ən böyük sərvəti onun etnik müxtəlifliyi, burada yaşayan bütün xalqların tarixi birliyi və qardaşlığıdır. Ölkəmizdə indiyədək etnik və dini zəmində qarşıdumaların baş verməməsi düşmənlərimizi qıcıqlandırmaqla yanaşı, bizim mənəvi birliyimizin, Azərbaycan Respublikasının yürütdüyü milli siyasətin parlaq təzahürüdür.

Biz Ermənistanın sərhəd bölgələrində, qoşunların təmas xətində törətdikləri təxribatları qətiyyətlə pisləyir və yekdilliklə bəyan edirik: Ermənistan və onun havadarları yaxşı bilməlidirlər ki, Azərbaycan bizim doğma Vətənimizdir. Onun hər qarış torpağı bizim üçün müqəddəs və əzizdir. Əminliklə deyirik, biz azərbaycanlılar – etnik və dini kimliyindən asılı olmayaraq Azərbaycanın bütün xalqları Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda mübarizənin ön sıralarında bu gün də və hər zaman dayanmağa hazırıq! Bizim birliyimiz, Vətən sevgimiz, ona sədaqətimiz sarsılmazdır!", - - deyə, bəyanatda qeyd edilib.

Bəyanatı aşağıdakı icmalar imzalayıb:

İmamverdi Həmidov

Talış Mədəniyyət Mərkəzi,

Mixail Zabelin

Azərbaycanda Rus İcması,

Məhəmməd Nooyev

Azərbaycan-Avar İcması İctimai Birliyi,

Milix Yevdayev

Bakı Dağ Yəhudiləri Dini İcması,

Elman Əhmədov

“Azəri” Tat Mədəniyyət Mərkəzi ictimai birliyi,

Robert Mobili

Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcması,

Əhməde Həpo

Azərbaycan Kürd icmasının ağsaqqalı,

Имран Rzayev,

“Samur” Ləzgi Milli Mərkəzi,

Aleksandr Şarovski

Avropa Yəhudilərinin Bakı Dini İcması,

Rafiq Abdullayev

“Buduq” Xeyriyyə Cəmiyyəti,

Gülcan Miəsautova,

“Tuqan tel” Tatar Mədəniyyəti Cəmiyyəti

İsmayıl Rəhimov,

Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi,

Sevinc Bulacova

İngiloy İcması,

Rafael Qvaladze

Azərbaycanda yaşayan Gürcü İcması,

Yuri Osadçenko

Azərbaycan Ukrayna Konqresi İctimai Birliyi.

ONA

Teqlər:

SON XƏBƏRLƏR