Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüb, onlara mənzil hədiyyə ediblər.
ONA xəbər verir ki, Azərbaycanın 10 milyonuncu sakini aprelin 6-da saat 03:30-da Bakı şəhərində doğulub.
Körpənin atası Rauf Həsənov polis əməkdaşı, anası Nigar Ocaqova isə müəllimədir.
Nigar Ocaqova ONA-ya bildirib ki, yaşadıqları hisslər sözlə ifadə etməkdə çətinlik çəkir: “Çox sevindirici haldır ki, dövlətimizin 10 milyonuncu sakininin anasıyam. Bu hiss qürurvericidir”.
Nigar Orucova deyib ki, uşağın 10 milyonuncu sakin olmasından xəbəri olmayıb: “İlk xəbəri bizə baş həkimimiz Sevinc xanım verdi”.
Gənc ana övladına göstərilən qayğıdan son dərəcə məmnun olduqlarını deyib: “Prezidentimizin və xanımın gəlişi bizə ikiqat bayram oldu. Göstərilən qayğıya görə təşəkkür edirəm”.
Respublika Perinatal Mərkəzinin direktoru, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova isə deyib ki, Nigar xanımın həyat yoldaşı və baldızı da bu mərkəzdə doğulub: “9 ay ərzində Nigarın hamiləliyinə nəzarət poliklinikanın həkimi Vəliyeva Rübabə tərəfindən həyata keçirilib. Hamiləlik fəsadsız keçib. Doğuşda isə həkim Babayeva Vəfa iştirak edib, doğuş da fəsadsız keçib ”.
Baş həkim körpə və anasının bu gün evə yola salınacaqlarını söyləyib.
* * *
Saat 13:01
“Bu, sözlə ifadə ediləcək hisslər deyil. Çox sevindirici haldır ki, dövlətimizin 10 milyonuncu sakininin anasıyam. Bu hiss qürurvericidir”.
Bu barədə ONA-ya Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənzadənin anası Nigar Ocaqova bildirib.
O, bu gün ölkə Prezidenti və birinci xanım Mehriban Əliyevanın körpəyə baş çəkməsindən hədsiz sevinc hissi keçirdiyini dilə gətirib: “Prezidentimizin və Mehriban xanımın gəlişi bizə ikiqat bayram oldu. Çox sağ olsunlar. Bu qayğıya görə dövlətimizə təşəkkür edirəm”.