Aprelin 10-da respublikamızın on milyonuncu vətəndaşının valideynləri Rauf Həsənov və Nigar Ocaqova Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə gedərək, ilk övladlarının adını Birinci vitse-prezident Mehriban Əliyevanın şərəfinə Mehriban adlandırılmasını bildiriblər.
Ədliyyə Nazirliyindən ONA-ya bildirilib ki, valideynlər Azərbaycanın birinci xanımının analara və uşaqlara daim həssaslıqla yanaşdığını qeyd edib, onlara göstərilən qayğıya görə dövlət başçısına və xanımına minnətdarlıqlarını ifadə ediblər.
Qeydiyyat şöbəsində on milyonuncu vətəndaş Mehriban Həsənovanın doğum haqqında şəhadətnaməsi təntənəli şəraitdə valideynlərinə təqdim edilib.
Qeyd edək ki, 2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.