• SOSİAL

    13:16 17 fevral 2021

Azərbaycanlı mütəxəssislər "The Lancet" jurnalında erməniləri elmi siyasiləşdirməməyə çağırıb

Azərbaycanlı həkimlər erməni həmkarlarının aparıcı elmi jurnal olan "The Lancet"də dərc olunan məqaləsinə cavab veriblər.

APA-nın xəbərinə görə, erməni mütəxəssis Airazat Kazaryan və həmkarları məqalədə Dağlıq Qarabağda son müharibənin Ermənistanda COVID-19-a yoluxmaların artmasına səbəb olduğunu iddia ediblər.

Müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı həkim və mütəxəssislər isə cavab məqaləsində bunu COVID-19 statistikasının, faktların təhrif edilməsi və mühüm tarixi kontekstdən kənarlaşdırma vasitəsilə ilə elmi məlumatları siyasiləşdirmək cəhdi adlandırıblar.

Samir Babayev, Səbinə Hacıyeva, Leyla Bağırzadə, Sait Aşina və Tural Ələkbərlinin müəllifi olduğu məqalədə deyilir: "2020-ci ilin sentyabr ayının əvvəllərindən bəri dünyada artmaqda olan COVID-19 yoluxmalarının əsas səbəbləri arasında soyuq hava və aşağı rütubət, açıq yerdən qapalı yerlərə keçid, müəssisələrin və məktəblərin yenidən açılması yer alır.

Hərbi qarşıdurmanın pandemiyanı daha da kəskinləşdirmə ehtimalı olsa da, gündəlik qeydə alınan COVID-19 yoluxmalarının sayının kəskin artması Dağlıq Qarabağ münaqişəsinin ətrafında baş verən son gərginlikdən əvvəl meydana çıxıb. Belə bir artım Azərbaycan və Ermənistana qonşu olan və münaqişədə iştirak etməyən ölkədə - Gürcüstanda da qeydə alınıb. Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında son döyüşlər 27 sentyabr 2020-ci ildə başlayıb və 10 noyabr 2020-də sona çatıb".

Azərbaycanlı mütəxəssislər Kazaryan və həmkarlarının məqalədə Azərbaycan və Ermənistan arasında münaqişənin tarixi ilə bağlı irəli sürdüyü bəzi iddiaların əsassız olunduğunu da qeyd ediblər.

"Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir, bura beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və etnik baxımdan azərbaycanlılardan təmizlənmişdir. Münaqişənin başlanğıcından - 1980-ci illərin sonlarından bəri 1 milyondan çox etnik azərbaycanlı evlərini tərk etməyə məcbur edilib və bu, böyük bir humanitar fəlakətə səbəb olub. Beynəlxalq vasitəçilərin iştirakı ilə 30 ilə yaxın davam edən danışıqlara baxmayaraq, sülh razılaşması əldə olunmayıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi (822, 853, 874, 884), Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal altında olan bütün bölgələrindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu günə qədər bu qətnamələr yerinə yetirilməmiş qalır", - deyə cavab məqaləsində qeyd olunur.

Azərbaycanlı mütəxəssislər məqalədə yazır ki, Kazaryan və həmkarları son hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən olan mülki ölümlərdən bəhs etsələr də, Ermənistanın Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən və əhalinin sıx yaşadığı şəhər və kəndlərinə etdiyi hücumlar nəticəsində 414 mülki şəxsin xəsarət alması, 94 mülki şəxsin ölümü barədə heç nə demirlər.

"Ermənistan Silahlı Qüvvələri bu hücumlarda ağır artilleriyadan, qadağan edilmiş kasetli bombalardan və uzaqmənzilli raketlərdən istifadə edib.

9 noyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan, döyüş əməliyyatlarının dayandırılması, beynəlxalq hüququn bərpası və Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan geri çəkilməsinin başlanğıcı ilə nəticələnən atəşkəsi alqışlayırıq.

Səhiyyə işçiləri olaraq, hamımızı beynəlxalq səviyyədə təsdiqlənmiş insan hüquqları və insan həyatının dəyərinə inam birləşdirir. Elmin etnosentrik baxışlarla siyasiləşdirilməsi elmin həyatımıza müsbət təsirini sarsıdır. Elmi siyasi mənfəət üçün istifadə etmədən hamımızın sülhü inkişaf etdirməyə və hərbi münaqişələrin qarşısını almağa çalışması vacibdir", - deyə cavab məqaləsində vurğulanır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR