Azərbaycanlı məktəblilər beynəlxalq bilik yarışmasında növbəti dəfə uğur qazanıblar.
“Azercell Telekom”dən ONA-ya verilən məlumata görə, Bolqarıstanın Şumen şəhərində onlayn formatda təşkil edilən informatika fənni üzrə 13-cü payız turnirində Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova gümüş medal əldə edib. Noyabrın 24-29-da keçirilən olimpiadaya aşağı yaş qrupu üzrə 15 ölkədən 168 məktəbli qatılıb.
Azərbaycanlı məktəblinin bu uğurunda ölkəmizdə təhsilin inkişafına yönələn layihələri hər zaman dəstəkləyən “Azercell Telekom”un da böyük rolu var. Belə ki, İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil İnstitutu və “Azercell Telekom” arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. İstedadlı şagirdlər “Azercell”in dəstəyi ilə təşkil olunan xüsusi mərkəzlərdə İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşaraq, öz elmi potensiallarını nümayiş etdirə bilirlər.
Xatırladaq ki, 2017-ci ildən etibarən Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom”un dəstəyi ilə məktəblilər müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək, 1 qızıl, 7 gümüş və 18 bürünc olmaqla, ümumilikdə 26 medal əldə ediblər.