• SOSİAL

    11:30 3 iyul 2021

"Azercell"in dəstəyi ilə məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında iki medal qazanıblar

19-25 iyun 2021-ci il tarixlərində Sinqapurda təşkil olunan 33-cü Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2021 Singapore) “Azercell”in dəstəklədiyi Azərbaycan komandasının üzvləri ölkəmizi növbəti dəfə uğurla təmsil edərək 2 bürünc medal qazanıblar.

“Azercell”dən “APA-Economics”ə verilən məlumata görə, 90 ölkədən 351 şagirdin qatıldığı onlayn formatlı müsabiqədə fərqlənən iştirakçılar sırasında Gəncə şəhər M. Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi Səid Nəsibov da olub. Onlar müsabiqənin bürünc medalına layiq görülüblər.

Məlumata görə, olimpiadanın nəticələri yarışmanın Baş Assambleyasında səsvermə ilə rəsmiləşib.

Xatırladaq ki, Əziz Hüseynov ötən il də bu olimpiadada uğurla çıxış edərək bürünc medala layiq görülüb. Beləliklə də, Ə. Hüseynov birdən çox IOI medalı qazanmış ilk həmvətənimiz olub. Səid Nəsibov da bu yarışda ilk dəfə iştirak etməsinə baxmayaraq, uğurlu nəticə göstərib.

“Azercell” şirkəti informatika üzrə istedadlı şagirdlərin aşkar edilməsi və onların inkişafı üçün təşəbbüsləri davamlı olaraq dəstəkləyir. Artıq 2017-ci ildən etibarən məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir. Şirkət Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olub. Hazırlıqdan keçən şagirdlərimiz dəfələrlə mötəbər bilik yarışlarında yüksək nəticələr əldə ediblər. İndiyədək azərbaycanlı şagirdlər informatika fənni üzrə bilik yarışlarında 27 medal qazanıblar.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

ONA

Teqlər:

SON XƏBƏRLƏR