Azərbaycanda dövlət tərəfindən əhalinin aztəminatlı hissəsinin mənafeyinə cavab verən daha optimal qaz tarifi modeli seçilib.
Bunu "APA-Economics"ə Azərbaycanda yeni qaz tarifinin tətbiqini şərh edən SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.
Onun sözlərinə görə, ölkədə yeni qaz tarifinin tətbiqi şəbəkənin daha da genişləndirilməsi, modernizasiyası, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin bir qədər də artırılması, dövlət tərəfindən bu sahəyə yönəldilən subsidiyaların azaldılması məqsədini daşıyır.
"Bu, zamanın tələbidir ki, yeni bazar iqtisadiyyatı formalaşdırılmalı və müəyyən xərclər optimallaşdırılmalıdır. Bununla bağlı tarifə yenidən baxılması zərurəti çoxdan yaranmışdı. Yeni tarif bir günün içində qəbul edilməyib, uzunmüddətli iqtisadi təhlillər aparılıb və mən deyə bilərəm ki, dövlət tərəfindən əhalinin aztəminatlı hissəsinin mənafeyinə cavab verən daha optimal model seçilib, hansı ki, hazırda tətbiq olunur", - deyə T. Cəfərov qeyd edib.
Xatırladaq ki, 30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.
Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilmişdir. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 mln. nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1 200 kubmetrədək (1 200 kubmetr daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kubmetr üçün 10 qəpik) səviyyədə saxlanılmışdır. İstehlak edilən qazın 1 200-2 500 kubmetr (2 500 kubmetr daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2 500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.
Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.
Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə "Azəristiliktəchizat" ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.
Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.
Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.
Qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minib.