• SOSİAL

    20:57 23 fevral 2021

AzTU-nun rəhbərliyi Bakıda dəm qazından ölən tələbənin ailəsinə başsağlığı verib - FOTO

Fevralın 23-də saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində meyiti aşkarlanan 5 nəfərdən biri, Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin I kurs tələbəsi Əliyev Lətif Rəşad oğlu olub.

APA-nın məlumatına görə, bunu AzTU-nun mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib:

"Lətif Əliyev AzTU-nun nizam-intizamlı tələbələrindən olub, dərslərini yaxşı oxuyub. O, sonuncu dəfə ötən gün onlayn dərslərdə iştirak edib.

AzTU-nun rəhbərliyi və kollektivi Lətif Əliyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!".

Qeyd edək ki, fevralın 23-də saat 14 radələrində Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfər şəxsin meyitinin aşkar olunması barədə Səbail rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən olunub ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub.

İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR