Bakıda 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilir.
ONA xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə keçirilən konfrans 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi çərçivəsində təşkil olunub.
Tədbirə baş nazirin müavini Əli Əhmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, kənd təsərrüfatı naziri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Zurab Çekuraşvili, Avropa İttifaqının Sağlamlıq və Qida Təhlükəsizliyi üzrə Baş Direktoratlığının siyasət məmuru Jan Bloumendal, dövlət və hökümət nümayəndələri, millət vəkilləri və beynəlxalq təşkilatların nümayəndələri qatılıb.
Qoşqar Təhməzli çıxışında konfransın məqsədlərini açıqlayıb. Agentlik sədri ölkədə həyata keçirilən islahatlardan danışıb, əlavə edib ki, həyata keçirilən islahatlar çərçivəsində “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” hazırlanıb.
İnam Kərimov deyib ki, təhlükəsiz qida təminatı vacibdir. Nazir bildirib ki, təhlükəsiz və sağlam qidanın əldə olunmasında innovativ texnologiyaların tətbiqinə xüsusi önəm verilməlidir.
Qeyd edək ki, konfransda Agentliyin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türk Standartlar İnstitutu (TSE), Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK), ABŞ Meriland Universiteti və ABŞ- Azərbaycan Ticarət Palatası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanacaq.