Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti" mövzusunda panel keçirilib.
ONA-nın məlumatına görə, Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib ki, etnik müxtəliflik tarixi, coğrafi, mədəni, sosial-iqtisadi, eləcə də siyasi faktorlar hesabına formalaşıb.
Onun sözlərinə görə, etnik və mədəni müxtəliflik müsbət fenomendir: “Multikulturalizm etnik və mədəni dəyərlərə söykənir. Yəni insanın davranışına, onun vərdişlərinə bağlanır və bunlar bütövlükdə bizim fəaliyyətimizi istiqamətləndirir. Lakin bu işlər dövlət tərəfindən tənzimlənməlidir. Belə olmasa müxtəlif münaqişələr dini və etnik əsaslarla yarana bilər. Multikulturalizm siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoyub. İndi isə həmin siyasəti uğurla onun davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla bildirib ki, dövlətlər enerji və milli təhlükəsizliklərini qoruduqları kimi, multikultural təhlükəsizliklərini də təmin etməlidirlər.
K. Abdulla Azərbaycan dövlətinin dini konfenssiyalara bərabər münasibət göstərdiyini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, bu gün dünyada multikultural dəyərlərin daha geniş şəkildə qorunmasına, təbliğ və təşviq edilməsinə ehtiyac var: “Multikultural dəyərlər yeni ideyalar deyil. Xüsusilə son dövrlər bəzi siyasətçilər multikultural dəyərlərin müasir dövr üçün əlverişli olmadığı fikrini təlqin edirdilər. Lakin multikultural dəyərlərin gün keçdikcə əhəmiyyəti artır”.
Etnik Anlaşma Fondunun Prezidenti Rabbi Mark Şnayer müsəlman dövlətlərinin, xüsusən ərəb ölkələrinin Azərbaycan təcrübəsindən faydalanmağa çağırıb: “Bu yaxınlarda Bakıda yəhudi restoranı açılıb. Qatarda, paytaxtda Dohada yəhudi restoranın açılması ilə bağlı təşəbbüs göstərilib. Lakin bunun üçün birbaşa Qatar əmirinə müraciət edilməsi tövsiyə edilib. Ancaq Bakıda heç kimə müraciət edilmədən yəhudi restoranı açılır. Məncə ərəb ölkələrinə Azərbaycana baxıb öyrənməlidirlər”.
Panel müzakirələrlə başa çatıb.