• SOSİAL

    10:23 25 iyun 2019

Bakı Nəqliyyat Agentliyi qaydaları pozan sürücülərə xəbərdarlıq edib

"Yaxın günlərdə Agentlik tərəfindən dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması-təxliyə xidmətinə başlanılacaq".

ONA-nın xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. İkin olaraq təxliyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək. Təxliyə prosesi əsasən, yolun hərəkət zolağında, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edərək digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələrinə qarşı tətbiq ediləcək:

“Şəffaflığın təmin edilməsi məqsədi ilə təxliyə prosesinin video qeydiyyatı təmin olunacaq. Təxliyə olunan nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi avtobus deposunun ərazisindəki, Hökumət Evi qarşısındakı və Fizuli və Mirzağa Əliyev küçələrinin arasındakı yeraltı avtomobil duracaqlarına daşınacaq. Hər iki duracaqda nəqliyyat vasitələri sahiblərinin qanunvericiliklə nəzərdə tutulan ödənişləri etməsi üçün müvafiq terminallar quraşdırılıb. Ödənişlər yalnız nağdsız qaydada aparılacaq: "Bir daha bütün sürücülərə müraciət edərək onları dayanma-durma qaydalarına əməl etməyə və bir-birimizə qarşı anlayışlı olmağa səsləyirik. Yalnız anlayışla yanaşdığımız halda, şəhər yollarında hərəkətin daha rahat, maneəsiz və təhlükəsiz olacağına ümid edirik".

ONA

Teqlər:

SON XƏBƏRLƏR