Bakı Şəhər İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Reklam Agentliyi, Bakı Nəqliyyat Agentliyi rəhbər nümayəndələrinin, Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən ONA-ya bildirilib ki, müşavirədə ölkə rəhbərinin siyasəti nəticəsində Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi qeyd edilib, paytaxtın mərkəzi hissəsində vəziyyətin nümunəvi olduğu vurğulanıb, bəzi ətraf ərazilərdə, xüsusilə əhalinin, ticarət obyektlərinin və nəqliyyat vasitələrinin sıx olduğu ərazilərdə bir sıra problemlərin mövcud olduğu bildirilib.
Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxtın sıxlıq müşahidə olunan ətraf ərazilərində yanğın təhlükəsizliyinin təmin olunması, yanğınsöndürmə nəqliyyat vasitələrinin obyektlərə sərbəst yetişməsi, tıxacların aradan qaldırılması və bu ərazilərin memarlıq üslubunun və estetik görünüşünün müasir standartlar səviyyəsinə çatdırılması məqsədilə müvafiq tədbirlər görüləcək. Bu məqsədlə aidiyyati qurumların nümayəndələrindən ibarət gərargah yaradılıb, E. Əziziov qərargahın rəhbəri olub. Qərargah üzvləri artıq küçələrin və buradaki obyektlərin inventarlaşmasına başlayıb.
İlkin olaraq Xətai rayonu, Məhəmməd Hadi küçəsi və Nizami rayonu Qara Qarayev prospektində bu işlərə başlanıb. İnventarlaşmanın nəticəsinə uyğun müvafiq tədbirlər planı hazırlanıb həyata keçiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı xüsusi vurğulayıb ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq bu işlərin həyata keçirilməsi zamanı heç bir sahibkar zərər çəkməməli, onların mənafelərinə uyğun əməkdaşlıq olmalıdır.