• SOSİAL

    16:30 7 aprel 2019

Bakı, Şirvan və Naxçıvanda yeni qaydalar əsasında buraxılış imtahanı keçirilib - YENİLƏNİB

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan 27659 şagird üçün buraxılış imtahanı keçirib.

DİM-dən ONA-ya verilən məlumata görə, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Aprelin 8-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.

Bundan əlavə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yay qəbul imtahanları keçirilənədək elan olunması nəzərdə tutulur.

***

07.00

Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirir.

ONA-nın xəbərinə görə, bu gün imtahanda ümumilikdə imtahanda 27659 (Bak şəhəri Yasamal rayonunda 2383, Binəqədi rayonunda 3118, Səbail rayonunda 1230, Xətai rayonunda 2944, Xəzər rayonunda 1874, Nərimanov rayonunda 2393, Suraxanı rayonunda 1747, Sabunçu rayonunda 3037, Nəsimi rayonunda 1709, Qaradağ rayonunda 1339, Nizami rayonunda 2026, Pirallahı rayonunda 246, Naxçıvan Muxtar Respublikasında 2915, Şirvan şəhərində 698) nəfər 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Buraxılış imtahanlarının (qəbul imtahanlarının I mərhələsinin) nəticələri iki il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə I, II, III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında (II mərhələdə) eləcə də V qrup üzrə ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsində iştirak etmək hüququ verir.

V ixtisas qrupu (xüsusi qabiliyyət tələb edən ixtisaslar) və orta ixtisas təhsili müəssisələri üzrə də müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR