• SOSİAL

    00:49 6 iyun 2020

Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda xüsusi karantin rejimi bu gündən iyunun 8-i saat 06.00-dək sərtləşdirilib

Nazirlər Kabineti yanında Operativ Qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarı bu gündən qüvvəyə minib.

APA-nın məlumatına görə, qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

Aşağıda qeyd edilənlər istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılır:

- siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

- xəstəxanalar və təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

- sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

- kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

- elektrik enerjisinin istehsalı və təchizatı;

- meliorasiya və su təsərrüfatı;

- rabitə xidmətləri;

- teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

- dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

- boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

- fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

- neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

- fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətləri.

Bu Qərarda nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib və onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilir:

- həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);

- yaxın qohumların dəfnində iştirakla əlaqədar.

Xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım və fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara məxsus xidməti avtomobillər istisna olmaqla, bütün digər avtomobillərin və ictimai nəqliyyatın hərəkəti qadağan edilib.

Bu qərara əsasən, icazə verilən iş və xidmət sahələrində fəaliyyətin həyata keçirilməsi üçün yalnız zəruri və məhdud sayda işçilərin işə cəlb edilməsi təmin ediləcək.

Yaxın qohumların dəfnində iştirakla əlaqədar yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün hər bir şəxs Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə) və yaxın qohumların dəfnində iştirakla əlaqədar tələblərə riayət olunmasına nəzarət Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR