Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) mətbuat konfransı keçirilib.
ONA-nın xəbərinə görə, Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, Zaqatala-Balakən regionunda ilk biosfer qoruğu yaradılacaq.
Onun sözlərinə görə, Zaqatala-Balakən biosfer qoruğunun yaradılması layihəsinin 4 il ərzində başa çatdırılması planlaşdırılır.
ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib ki, milli parkların əhali üçün daha əlçatan olması üçün davamlı tədbirlər görülür: "Bu gün bioloji müxtəliflik günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçirilir və ziyarətçilər giriş haqqından azaddırlar. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməklə insanların istirahətlərini xoş keçirmələrinə şərait yaratmaqdır".
Nazirliyin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə qeyd edib ki, Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində işlər görülür: "Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafı, Yod-brom zavodunun ərazisi təmizlənərək yaşıllıqlar salınır, ərazi bərpa olunur".
O vurğulayıb ki, Bakı və Abşeronda 7 min hektar ərazidə yaşıllığın salınması üçün proqram hazırlanıb.