• SOSİAL

    11:58 24 aprel 2019

Bakıda Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı dəyirmi masa keçirilib

Bakıda immunlaşdırmanı xəstəliklərin qarşısını almaq və həyatları xilas etmək üçün əhəmiyyətli vasitə kimi təşviq etmək məqsədli Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı mətbuat konfransı və dəyirmi masa keçirilib.

ONA xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisi və Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan dəyirmi masada Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Analitik Ekspertiza Mərkəzi, Səhiyyə Nazirliyinin Beynəlxalq Səhiyyə Proqramları üzrə Ölkə Əlaqələndirmə Komissiyası və BMT agentliklərinin nümayəndələri iştirak edib.

24-30 aprel Avropa İmmunlaşdırma Həftəsinin keçirilməsinin məqsədi peyvəndin faydaları ilə bağlı maarifləndirməni artırmaqla peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir. Səhiyyə Nazirliyi 2007-ci ildən etibarən ÜST Avropa regionunun bu təşəbbüsünə qoşulub.

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, peyvəndlər hər il milyonlarla uşağı ciddi xəstəliklərdən və ölümlərdən xilas edir: "Peyvəndlərin sayəsində Avropa regionunda qızılca, məxmərək, göy öskürək və digər oxşar xəstəliklər azalıb. Əgər uşaqlarımızı peyvənd etdirməsək, bu xəstəliklər yenidən baş qaldıracaq. Səhiyyə Nazirliyinin təmin etdiyi bütün peyvəndlər keyfiyyətlidir”.

Qeyd olunub ki, peyvəndlər uşaqların həyatı üçün ömürlük investisiyadır. Peyvəndlərin sayəsində, Avropa regionunda bir çox uşaq və yeniyetmələrdə qızılca, məxmərək, epidemik parotit, difteriya, göy öskürək, tetanus və poliomielit kimi xəstəliklərə qarşı immunitet yaranıb. Pnevmokok bakteriyası, insan papilloma virusu, Hepatit B virusunun daha ağır fəsadlarının qarşısını almaq üçün peyvənd olunanların sayında artım müşahidə olunur. Orta hesabla Avropa regionunun 90 faizi peyvəndlə əhatə olunub, 2017-ci ildə həmişəkindən daha çox uşaq qızılcaya qarşı iki doza peyvənd olunub. Peyvəndlə qarşısı alınan xəstəliklərdə azalma müşahidə edilsə də, hələ də bir çox insan peyvəndin qoruyucu faydalarından yararlana bilmir. İmmunlaşdırma ilə bağlı boşluqları doldurmaq və heç kimin kənarda qalmaması üçün daha çox birgə səy göstərmək lazımdır".

Avropa Peyvəndləşdirmə Tədbirlər Planının (2015-2020) hədəfi Avropa regionunu peyvəndlə qarşısı alınan xəstəliklərdən xilas etmək, ölkələrə yüksək keyfiyyətli, təhlükəsiz və münasib qiymətli peyvəndə əlçatanlığın bərabərliyini və ömür boyu davam edən immunlaşdırma xidmətlərini təmin etməkdir. Bu hədəfi reallığa çevirmək Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il gündəliyinə daxil edilmiş sağlam həyat tərzini və hər yaşda rifahın təmin edilməsini nəzərdə tutan 3-cü məqsədə çatmaq üçün önəmli addımdır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR