• SOSİAL

    13:38 14 may 2019

Bakıda Avropa Regional Sosial Təminat Forumu keçirilir

Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu keçirilir.

ONA-nın xəbərinə görə, 3 gün davam edəcək Forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edir.

Forumun açılış mərasimində çıxış edən Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır.

O deyib ki, Azərbaycanda aparılan islahatlar sosial təminat sahəsində uğurlu nəticələr verir: "Aparılan islahatlarda Avropanın müvafiq təşkilatları, Avropa ölkələri ilə əməkdaşlığa, fəal təcrübə mübadilələrinə xüsusi önəm verilir".

BSTA-nın prezidenti Yoakim Bröyer forumun Avropanın sosial təminat sistemlərindəki aktual məsələlərə innovativ yanaşmaların təqdim edilməsi və bölüşülməsi üçün əlverişli imkan yaratdığını deyib: "BSTA Beynəlxalq Əmək Təşkilatının himayəsi altında 1927-ci ildə yaradılıb və əsas məqsədi sosial təminat sahəsində qabaqcıl standartları inkişaf etdirmək və təşviq etmək, bu sahədə beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. Mənzil-qərargahı Cenevrə şəhərində yerləşən Təşkilat dünyanın Azərbaycan da daxil olmaqla 158 dövlətinin sosial təminat sahəsi üzrə fəaliyyət göstərən 330 qurumunu ətrafında birləşdirir".

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, artıq 15 ildir Azərbaycan BSTA ilə səmərəli əməkdaşlıq həyata keçirir. Nazir qeyd edib ki, bu ilin əvvəlindən “İşsizin DOSTu” proqramı ilə artıq 36 min nəfər işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlə təminatına imkan yaradılıb.

Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin moderatorluğu ilə Azərbaycanın sosial müdafiə sisteminə, bu sahədə aparılan islahatlara dair panel iclas keçirilib.

Panel iclasda təqdimatlar edilib.

Sonra mətbuat konfransı keçirilib.

Forumun növbəti iki gün üçün gündəliyinə “Sosial təminatın idarə olunmasında mükəmməllik və yenilik” və “Avropanın sosial təminat sahəsində gələcəyinin qurulması” mövzularında plenar iclasların və paralel sessiyaların keçirilməsi daxildir.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR