Bakı Şəhər İcra Hakimiyyətinin sifarışınə əsasən, Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkəti tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanır.
İcra Hakimiyyətinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bununla əlaqədar şirkətin nümayəndələri növbəti dəfə Bakıya gəliblər.
Onların apardıqları araşdırmaların nəticələri konsepsiyanın hazırlanmasında əsas götürülüb.
“Mott MacDonald” şirkətinin rəhbərlərinin bildirdiyinə görə, Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq, şəhərin sanitar təmizliyi normal səviyyədədir.
Buna baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması ilə bağlı islahatların aparılması üçün bu sahədə böyük təcrübəsi olan Böyük Britaniyanın "Mott MacDonald" şirkətinə müraciət olunub və onun mütəxəssisləri yeni islahatlar konsepsiyasının hazırlanmasına başlayıb. Əsas məqsəd paytaxt Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtımızı gözəl məkana çevirməkdir.
Konsepsiya şərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 4 rayonda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, dünəndən isə daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə başlanılıb.
Həyata keçirilən işlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətin təqdim etdiyi layihə əsasında Monitorinq Mərkəzi yaradılıb. Mərkəzdə işçi qrup tərəfindən konsepsiyanın hazılanması və həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan işlərin görülməsi üçün ən müasir şərait yaradılıb.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış Monitorinq Mərkəzində "Mott MacDonald" şirkətinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahahlar konsepsiyasının rəhbəri Martin Saymon ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya barədə geniş məlumat verib.
Martin Saymon bildirib ki, layihə geniş miqyaslı tullantıların idarəetməsi sistemində inkişaf əldə etməyə kömək olacaq: “Şirkətimiz tullantı və tullantıların yenidən emalını araşdırmaq üçün böyük məmnuniyyətlə Bakı İcra Hakimiyyəti ilə əməkdaşlıq etməyə razılıq verib. Bu araşdırmalarin nəticələri Bakı şəhərində tədbiq olunaraq 21-ci əsrin muasir tullantı idarəetməsi sistemini yaradacaq. Bakıda hər il təxminən 1,5 milyon ton tullantı yaranır. Bu rəqəmlər Bakı şəhəri genişlənib infişaf etdikcə daha da artacaq. Tullantıların düzgün yığılması, emalı və çeşidlənməsi vacib şərtdir. Tullantıların çoxu şəhərkənarı poliqonlara aparılır. Buna baxmayaraq, tullantıların Balaxanıda yerləşən tullantı çeşidlənməsi və onlardan enerji əldə etmə zavodlarına göndərilməsi ilə bu işdə inkişaf əldə edilib”.
M. Şaymonun sözlərinə görə, ilkin araşdırmalar göstərib ki, Bakıda tullantı menecmenti sistemini təkmilləşdirmək vacibdir: “Bu, böyüyən və inkişaf edən şəhəri muasir ximətlərlə təmin edəcək, həm ətraf mühitə, həm də iqtisadi inkişafa müsbət təsir göstərəcək. Turizm sahəsində inkişaf edən, müxtəlif beynəlxalq tədbirlər keçirən, Bakı Ağ Şəhər kimi innovativ layihələrə imza atan bir şəhər kimi, Bakıda yüksək səviyyəli tullantı idarəedilməsi sistemi əldə etmək zərruriyyəti yaradır. Bakı Şəhər İcra Hakimiyyəti sakinlər üçün tullantıların yığılması, çeşidlənməsi və idarəedilməsi sisteminin təkmilləşdirilməsində məqsədlidir və bizim Mott MacDonald şirkəti olaraq rolumuz bu hədəfin əldə edilməsində dəstək olmaqdır”.
M. Şaymon qeyd edib ki, yeni tullantı konteynerləri və nəqliyyat vasitələri daxil olmaqla, yeni tullantı yığılması sistemlərinin tətbiq olunması gözlənilir: “Bununla bərabər, Bakı sakinlərinin də tullantıları emal oluna bilən və emal oluna bilməyən tullantılara bölməsinə həvəsləndirməyə çalışırıq. Bu, böyük miqdarda tullantıların poliqondan kənarlaşdırılmasına kömək edəcək”.