Prezident İlham Əliyev Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.
ONA xəbər verir ki, sərəncamda “ASAN xidmət” mərkəzlərində vətəndaşlara operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında müasir tələblərə cavab verən xidmətlər göstərilməsi sayəsində yüksək vətəndaş məmnunluğuna nail olunduğu qeyd edilib. Bildirilib ki, ölkə əhalisinin dövlət xidmətlərini və özəl xidmətləri vahid məkanda əldə etməsinin daha da genişləndirilməsi və xidmət şəbəkəsinin bütün respublika ərazisini əhatə etməsi məqsədilə bu günədək paytaxtda, eləcə də digər şəhər və rayonlarda on beş “ASAN xidmət” mərkəzi yaradılıb, 2019-cu ilin sonunadək daha beş mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub. Gündəlik müraciət sayı 30 minə yaxın olan “ASAN xidmət” mərkəzlərində indiyədək 28 milyondan çox müraciət qəbul edilib.
Sərəncama əsasən, Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 6,0 (altı) milyon manat ayrılıb.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.