Bu gün Heydər Əliyev Mərkəzində fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci “Fərqli Fərdlər” konqresi keçirilir.
ONA-nın xəbərinə görə, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda autizmli, daun sindromlu uşaqlar dövlət qayğısı ilə əhatə olunub.
Uşaq hüquqlarının müdafiəsi üzrə çox ciddi monitorinq sisteminin yaradıldığını vurğulayan komitə sədrinin sözlərinə görə, dövlət tərəfindən autizmli uşaqlara sosial müavinət təyin edilib.
Təhsil nazirinin müavini İdris İsayev deyib ki, Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsi ölkədə inklüziv cəmiyyətin inkişaf etdirilməsi baxımından yeni imkanlar yaradıb.
Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəisi Soltan Məmmədov bildirib ki, Fondun Prezidenti, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva və Fondun Vitse-prezidenti Leyla Əliyeva tərəfindən elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekoloji sahələrə böyük diqqət və qayğı göstərilir.
O qeyd edib ki, Heydər Əliyev Fondu Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmalısında yaxından iştirak edir.
“Fərqli Fərdlər” konqresi Təhsil Nazirliyi, Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir.
Konqres çərçivəsində valideynlərin emosional tükənməsi və bunu aradan qaldırma üsulları mövzusuna panel həsr olunacaq.