• SOSİAL

    04:14 29 sentyabr 2020

Bakıda komendant saatı rejim qaydalarına uyğun təşkil edilib - Postlardan REPORTAJ

Sentyabrın 28-də saat 21:00-dan sonra Bakıda Komendant saatı tətbiq edilib. Buna uyğun olaraq, paytaxt ərazisində polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə postlarda xidmətə təhkim ediliblər.

APA xəbər verir ki, saat 06-00-a qədər xidmət aparan əməkdaşlar avtomobil və piyadalara nəzarət edir.

Belə ki, avtomobillər saxlanılaraq sürücü və sərnişinlərin sənədi yoxlanılır. Bundan başqa, avtomobilin yük yerinədə baxış keçirilir. Paytaxtın müxtəlif ərazilərində qurulan postlarda təkcə avtomobillər deyil, həm də piyada gəzən şəxslər də saxlanılaraq yoxlanılır. Buraxılışı olmayan şəxslər polis bölməsinə aparılır.

Polis tərəfindən aparılan yoxlamalar zamanı komendant saatı rejiminin qaydalarından xəbərsiz olanlar da aşkar edilib. Həmin şəxslər də polis bölməsinə aparılıb.

Qeyd edək ki, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib. Bu ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib, xüsusi giriş-çıxış rejimi tətbiq edilib, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR