• SOSİAL

    15:29 29 aprel 2019

Bakıda məşhur şadlıq evi cərimələnib

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) bu ay üçün paytaxtda elan etdiyi “Təmizlik ayı” ilə bağlı şəhərin bütün rayon və qəsəbələrinin sanitar təmizlik vəziyyəti BŞİH-nin xüsusi komissiyası tərəfindən yoxlanılır, gündəlik reydlər keçirilir, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

BŞİH-dən ONA-ya bildirilib ki, ötən gün paytaxtın Nizami rayonu ərazisində keçirilən reyd zamanı Babək prospektində yerləşən “Piano palas” şadlıq sarayının yaxınlığında məişət tullantılarının zibil konteynerlərinin ətrafına atılaraq ərazidə natəmizlik və antisanitar vəziyyətin yaradılması aşkarlanıb. Araşdırma zamanı məişət tullantılarını “Piano palas” şadlıq sarayının işçilərinin atması müəyyənləşib.

Görülən tədbirlər nəticəsində ərazidə təmizlik yaradılıb, pozuntulara yol vermiş şadlıq sarayının məsul nümayəndəsi Ruslan Əkbərov cərimələnib, obyektin sahibinə ciddi xəbərdarlıq edilib.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərin təmizliyi, abadlığının lazımı səviyyədə saxlanılması üçün çox böyük işlər görülür: "Lakin təəssüf olsun ki, bəzi insanlar buna biganəlik göstərirlər. Şəhərin təmizliyinin qorunması üçün bu reydlər hər gün keçiriləcək və paytaxtımızın sanitar vəziyyətinə xələl gətirənlər, o cümlədən belə işlərə rəvac verən ictimai-iaşə və digər obyektlərin sahibləri və məsul şəxslərinə qarşı ən ciddi cəza tədbirləri görüləcək".

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR