Bakıda “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı elmi-praktiki konfrans keçirilib.
ONA xəbər verir ki, konfrans akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Dünya Qlaukoma Həftəsi çərçivəsində təşkil edilib.
Konfransda qlaukomanın müasir diaqnostik təhlilindən, onun müalicəsindən danışılıb, xəstəliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin oftalmoloqlar qlaukoma ilə bağlı çıxışlarını təqdim ediblər. Konfransda “Qlaukomanın inkişafının təhlili”, “Göz travmaları nəticəsində yaranan qlaukoma”, “Qlaukomalı pasiyentlərin monitorinqində Heydelberq retinotomoqrafiyanın rolu”, “Qlaukoma ilə assosiasiya olan tor qişanın xəstəlikləri – maraqlı kliniki hallar” və başqa mövzular dinlənilib.
Qeyd edək ki, qlaukoma göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir. Xalq arasında göz təzyiqi və ya “qarasu” olaraq adlandırılan qlaukomadan dünyada 45 milyon, Azərbaycanda isə 20 minə yaxın insan əziyyət çəkir.