Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində marşrut xətləri üzrə avtobuslarda dezinfeksiya işləri davam etdirilir.
APA xəbər verir ki, insanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə avtobuslar dezinfeksiya edilib.
Gecə saatlarında "General Auto Company" şirkətinin istehsalat bazasında 11, 38, 64, 15, 131 xətt marşrutları üzrə hərəkət edən avtobuslarda dezinfeksiya işləri həyata keçirilib. Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayevin APA-ya verdiyi məlumata görə, artıq gündəlik olaraq xəttə çıxan 2100 avtobusda dezinfeksiya işləri tamamilə yekunlaşdırılıb və təkrar dezinfeksiya işləri aparılır.
Qeyd edək ki, istehsalat bazasında dezinfeksiya işləri ilə yanaşı gündəlik olaraq bu xətlər üzrə avtobuslarda son dayanacaqda da təmizlik işləri aparılır.
Məlumat üçün bildirək ki, son zamanlar yeni növ koronavirus (COVID-2019) xəstəliyinin yaranması və bəzi ölkələrdə yayılması qabaqlayıcı tədbirlər görülməsi məqsədilə ölkəmizdə ictimai nəqliyyat sahəsinin də nəzarətdə saxlanılmasını zəruri edib. Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər görülməsi məqsədilə daşıyıcılara gündəlik olaraq sərnişin daşımalarında istismar edilən avtobusların xarici və daxili hissələrinin təmiz olmasına nəzarətin gücləndirilməsi, sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq avtobusların salonunda tez-tez dezinfeksiya işlərinin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verilib.