Bu gün Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində 1 iyun - Uşaqların Müdafiəsi Gününə həsr olunmuş "Gözəl bir gün" adlı bayram tədbiri keçirilib.
ONA-nın xəbərinə görə, tədbir Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi tərəfindən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə təşkil olunub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Mərkəzin direktoru, Xalq yazıçısı M. İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyova və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Riad Qasımov iştirak ediblər.
H. Hüseynova bildirib ki, bugünkü tədbir 1 iyun - Uşaqların Müdafiəsi Günü münasibətilə keçirilən silsilə tədbirlərin yekunudur. Dövlət Komitəsinin sədri vurğulayıb ki, M. İbrahimbəyovun eyni adlı əsərinə həsr olunmuş xeyriyyə layihəsində "İstedArt" və "Yaradan uşaqlar"dan 40-dan çox uşaq iştirak edir.
R. Qasımov qeyd edib ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilən "İstedArt" layihəsi istedadlı uşaqların, habelə valideyni olmayan uşaqların bacarıqları və yaradıcı tərəflərinin kəşf olunması məqsədilə yaradılıb.
A. İbrahimbəyova deyib ki, tədbir çərçivəsində uşaqları parlaq və zəngin ustad dərsləri, musiqi və digər əyləncəli proqramlar gözləyir. Gün ərzində uşaqlarla istedadlı gənc rəssamlar, musiqiçilər və xoreoqraflar məşğul olacaqlar.
Bayram şənliyinin sonunda uşaqlara Dövlət Komitəsi tərəfindən hədiyyələr paylanılıb.