Bakının mərkəzində belə bir tikilinin olduğundan biz də təsadüfən xəbər tutduq. Ona görə tikili deyirik ki, onun statusu barədə hələlik dəqiq bilgi yoxdur. Öyrənə bilmədik ki, bura mədrəsədir, məsciddir, uşaq bağçasıdır, yoxsa yaşayış evi...
Fotoqrafımızın obyektivinə tuş gələn tikilinin mənşəyini aydınlaşdırmaq üçün öncə yerləşdiyi ünvana üz tutduq - Nəsimi rayonu, Rəsul Rza küçəsi 34-ə.
Görüşdüyümüz məhəllə sakinlərindən öyrəndik ki, tikili ətrafda gedən söküntülər nəticəsində "üzə çıxıb". Uçulub-sökülmüş binanın qəribə taleyi var. Əvvəl məscid olub, sonra uşaq bağçası, indi isə məlum deyil. Onlar da binanın məscid olması haqqında sadəcə eşidiblər, buranın ibadət evi kimi fəaliyyətini görməyiblər.
20 ildir, qonşuluqda yaşayan məhəllə sakini bildirir ki, deyilənə görə, bu bina əvvəllər məscid olub: “Sonra isə uşaq bağçası kimi fəaliyyət göstərib. 2013-cü ildə bağçanı da köçürüblər”.
Digər sakinlər də onun dediklərindən əlavə nəsə bilmirlər.
Yaşar Vəliyev adlı sakin isə deyir ki, bura bağça kimi fəaliyyət göstərəndə təmir etmək istəyiblər, amma təmir yarıda qalıb, məlum olub ki, bağça kimi yaramır: "Binanın üstündə ev də vardı, sökdülər. O ev sonradan tikilmişdi”.
İçərini gəzdikcə divarlarda yazılara və müxtəlif ornamentlərə rast gəlirik. Binanın içində mehrablar sonradan hörülüb və üstünə divar kağızı çəkilib. Bundan başqa, tikilinin üstündə - ikinci mərtəbədə sonradan tikilmiş və sökülmüş evin qalıqlarını da aydın görmək olur.
Sakinlərin sözlərinə görə, tikilinin təmir olunacağını deyiblər.
Bəs binanın statusu?
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov ONA-ya deyib ki, Rəsul Rza küçəsi 34 ünvanında yerləşən tikili yeni aşkar olunub. Onun sözlərinə görə, tikili Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməyib: “Hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən abidələrin aşkar olunaraq yeni siyahıya daxil edilməsi üçün monitorinqlər davam etdirilir. Aparılan monitorinqlər nəticəsində 1500-dən çox tarixi abidə siyahıya alınması üçün qeydiyyata götürülüb. Yaxın vaxtlarda həmin abidələr də daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınacaq. Sözügedən tikili də yeni aşkar olunmuş məscid kimi tarixi abidələr siyahısına daxil edilərək Dövlət Xidməti tərəfindən qorunacaq. Məscidin memarlıq üslubu, tarixi əhəmiyyəti nəzərə alınaraq, təmir və bərpa olunması üçün də işlər aparılır. Bununla bağlı müvafiq dövlət orqanlarına məlumat verilib".
Bəs bina neçənci əsrə aiddir, araşdırma aparılıbmı?
Fariz Hüseynov deyir ki, ötən il ərazidə təmir-bərpa işləri aparılan zaman orada tarixi məscidin olduğu üzə çıxıb: “Bu ünvanda məscidin olduğu barədə məlumata hələ ki, tarixi abidələrimizlə bağlı heç bir kitabda, sənəddə rast gəlməmişik. Binadan ayrı-ayrı dövrlərdə müxtəlif məqsədlərlə istifadə olunub. Məscidin XIX əsrin sonu, XX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Abidə bərpa olunduqdan sonra məscid kimi istifadə olunması nəzərdə tutulub”.
Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Rauf İsgəndərov ONA-ya deyib ki, bina ilk olaraq mədrəsə kimi fəaliyyətə başlayıb: “Sovet dövründə bu tikili el arasında “Tatar mədrəsəsi” kimi tanınıb və fəaliyyət göstərib. Dinin repressiyaya məruz qalması və sıxışdırılması nəticəsində mədrəsə fəaliyyətini dayandırıb, binada uşaq bağçası açılıb. Burada 1934-cü ildən 2011-ci ilə qədər 52 saylı uşaq bağçası fəaliyyət göstərib. 2012-ci ildə bina qəzalı vəziyyətə düşdüyündən bağça köçürülüb, 2013-cü ildən isə rəsmi olaraq binanın heç bir fəaliyyəti yoxdur”.
Memarlıq və İncəsənət İnstitutu Memarlıq abidələrinin qorunması və bərpası problemləri bölməsinin rəhbəri Rahibə Əliyeva ONA-ya bildirib ki, binanın yeni aşkar olunmuş abidələr siyahısına salınması üçün Mədəniyyət Nazirliyinin müraciəti ilə oraya baxış keçiriblər: “Baxış keçirdikdən sonra tərəfimizdən ekspert rəyi verildi ki, bina abidələr siyahısına salınsın. Çünki bina abidə kimi mütləq qorunmalıdır. Tamamilə tarixi abidə statusunu daşıya bilər”.
Qısa araşdırmadan gəlinən nəticə budur ki, hazırda bina tədqiq olunur, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılır. Ümid edək ki, tezliklə təmir və bərpa işləri də aparılacaq, bina tarixi abidə statusu alacaq, tarixi abidələrimizin siyahısını zənginləşdirəcək.