Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.
ONA xəbər verir ki, Memorandumu BAMF prezidenti Umud Mirzəyev və Cenevrə Mərkəzinin icraçı direktoru səfir İdris Cəzairi imzalayıb.
Tədbirdə BMT-nin Azərbaycandakı rezident koordinatoru Qulam İshakzai, müxtəlif ölkələrin səfirlik nümayəndələri, millət vəkilləri, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvləri, Prezident Administrasiyası, Ombudsman Aparatı, Ədliyyə Nazirliyi, QHT Şurasının nümayəndələri, vətəndaşı cəmiyyəti təmsilçiləri iştirak edib.
BAMF-ın prezidenti Umud Mirzəyev deyib ki, bu gün böyük və uzunmüddətli əməkdaşlığın təməli qoyulur: "Bu anlaşma təşkilatların gələcək fəaliyyətində öz rolunu oynayacaq. Biz bir-birimizin imkanlarından, təcrübələrindən faydalanaraq gələcəkdə daha ciddi tədbirlər həyata keçirməyi planlaşdırırıq. Cenevrə Mərkəzi dünyanın ən aparıcı beynəlxalq təşkilatlarından biridir. Biz bu təşkilatla birlikdə insan hüquqları sahəsində, dinlər və sivilizasiyalararası dialoq sahəsində əməkdaşlıq etməyi planlayırıq. Gələcəkdə birgə təlimlər etməyi, müxtəlif regionlarda, o cümlədən BMT auditoriyasında birgə tədbirlər keçirməyi düşünürük".
Cenevrə Mərkəzinin icraçı direktoru səfir İdris Cəzairi deyib ki, əvvəlcədən Beynəlxalq Avrasiya Mətbuat Fondunun onun rəhbərliyi ilə Cenevrədə görüşüb, bununla bağlı razılaşma əldə ediblər: "Cenevrə Mərkəzi dünyada insan haqları ilə bağlı maraqlı ərazilərdə qərarların verilməsi ilə məşğul olan bir QHT-dir. Bəzən insan haqları ilə bağlı siyasi qərarlar verilməli olur ki, Cenevrə Mərkəzi də bu məsələdə həqiqətlərin ortaya çıxması ilə bağlı fəaliyyətləri mühüm hesab edir. Müsəlman ölkələrində həssas məsələlər üstünlük təşkil edir ki, bunların içərisində insan haqları sahəsində Cenevrə Mərkəzi inkişafa nail olmağı hədəfləyir. Bizim əsas hədəfimiz insan haqları ilə bağlı məsələləri təşviq etməklə siyasi məsələlərdən öndə gələcək insan hüquqlarını irəli çəkməkdir. Ümid edirəm ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə əməkdaşlığımız gələcəkdə insanların qarşılıqlı anlaşmaya, sülhə nail olmaq üçün fəaliyyətlərinə bir stimul olacaq. Bu fəaliyyətlərin yerinə yetirilməsi üçün imzaladığımız Memorandum çox əhəmiyyətlidir".
Memorandumda Yaxın Şərq və Şimali Afrika, Qafqaz və Mərkəzi Asiya ölkələri çərçivəsində sülhün təşviqi və insan haqlarının möhkəmlənməsi ilə bağlı birgə fəaliyyətlərin görülməsi nəzərdə tutulub. Tərəflər beynəlxalq ekspertlərin bəyanatlarını, məqalələrini, fikirlərini, müsahibələrini və digər materialları dərc etmək üçün BAMF-ın dəstəyi ilə fəaliyyət göstərən 5 dildə dərc olunan "Eurasia Diary" analitik informasiya portalından platforma kimi istifadə etmək barədə qərara gəliblər. Tədbirin sonunda qonaqlar BAMF-ın "Mənim kəndim, mənim vətənim" layihəsi çərçivəsində planlaşdırılan sərginin hazırlıq işləri də tanış olublar. Şəkillərin əksəriyyəti BAMF-ın fəaliyyəti dövründə çəkilib və ilk dəfə nümayiş olunub.