“Hazırda yoluxmanın artmasına səbəb əhalinin rejimə riayət etməməsidir”.
Bunu APA-ya açıqlamasında respublikanın Baş epidemioloqu İbadulla Ağayev deyib. O bildirib ki, əhali maskadan mütləq istifadə etməlidir: “Dəfələrlə deyilib, bu gün də təkrar edirik. Koronavirus infeksiyasının başladığı zaman sərt qaydalar, karantin rejimi tətbiq olundu. Lakin karantin rejimi yumşaldıqdan sonra əhali qətiyyən qaydalara riayət etmək istəmir.
Əhalidən xahiş edirəm ki, göstərilən bütün gigiyenik normativlərə əməl etsin. İlk növbədə, istər böyük, istər kiçik marketlərdə, “Mall”lara, digər ticarət mərkəzlərinə, ictimai iaşə müəssisələrinə girdikdə maskalardan mütləq istifadə olunmalıdır. İnsanlar kütləvi toplantıdan çəkinsinlər. Ara məsafəsi mütləq gözlənilməlidir. Karantin rejiminin yumşadılması o demək deyil ki, xəstəlik tamamilə bitib, yoluxma ola bilməz. Yoluxma ehtimalı yüksəkdir. Buna da səbəbkar yalnız və yalnız insanlardır. Dövlət tərəfindən aparılan bütün tədbirlər əhalinin sağlamlığı üçündür. Virus yeni başlayanda Prezident tərəfindən əhalinin sağlamlığı üçün nə qədər vacib tədbirlər həyata keçirildi. Biz onun nəticəsini gördük, virusa yoluxma sayı azalmışdı”.
İ. Ağayev əlavə edib ki, bütün normativlərə və qərargah tərəfindən müəyyən edilən sanitar-gigiyena qaydalarına riayət olunsa, xəstələnmə hallarının sayı azalacaq. O vurğulayıb ki, hər kəs koronavirusa yoluxmamaq üçün bütün qaydalara riayət etməlidir.