• SOSİAL

    14:46 4 noyabr 2020

Baş infeksionist: "Hərbçilərimizin yoluxma riskini azalmaq üçün ilk növbədə qaydalara kollektiv əməl etməliyik"

“Koronavirusa yoluxma sayının çoxalması insanlar arasında təmasların artması ilə birbaşa əlaqədardır. Artıq payız mövsümündəyik və havaların soyuması əhalinin daha çox bağlı məkanda olmasına səbəb olur və bu zaman həmin məkanlarda havalandırma daha az aparılır”.

Bunu APA-ya Baş infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, təmasların artması zamanı karantin tədbirlərinə etinasızlıq da buna səbəb olur: “Ölkəmizdə hərbi vəziyyətin elan olunması və bu vəziyyətin doğurduğu bəzi mənfi məqamlar da nəzərə alınmalıdır. Hələlik yoluxma sayında mənfi dinamika izlənilir və bunun davam edəcəyini düşünürəm. Ancaq onu da qeyd etmək lazımdır ki, keçən həftə ilə müqayisədə yoluxma sürətində bir qədər azalma müşahidə edilir”.

İnfeksionist qeyd edib ki, bu gün ölkə çox böyük sınaq qarşısındadır və belə bir zamanda məsuliyyət hissi iki-üç qat artmalıdır: “Hərbçilərimizin yoluxma riskinin azaldılması üçün ilk növbədə bütün ərazilərdə qeyd olunan karantin qaydalarına kollektiv əməl etməliyik. Xüsusən döyüş bölgələrində hərbçilərlə təmasları minimuma endirməliyik. Bu gün səfərbərliyə alınmış vətəndaşlarımız orduya göndərilməzdən əvvəl mütləq qaydada yoxlanılır. Lakin hər birimiz özümüzdə narahatlıq hiss edəriksə, bunu gizlətməməli və mütləq həkimə müraciət etməliyik. Eyni zamanda döyüşçülərimiz ilə təması olan mülki şəxslərin ailə üzvlərindən kimsə xəstələnibsə, bunu da nəzərə almaq lazımdır”.

Həkimin sözlərinə görə, koronavirusun əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, quru və ya çox az miqdar bəlğəmin ifrazı ilə öskürək, yorgunluq hissi, təngnəfəslik, döş qəfəsində darlıq hissi, həmçinin boğazda ağrı, iybilmə və dadbilmənin azalması və digərləridir: “Bu əlamətlər digər respirator virus infeksiyaları zamanı da rast gəlindiyindən yalnız həkim-mütəxəssisə müraciət etməklə və lazım gələrsə, xüsusi laborator testlər aparılmaqla xəstəliyi təsdiqləmək mümkün sayılır. Burada əsas məqam ondan ibarətdir ki, insanlar bu əlamətləri adi soyuqlama kimi qəbul etməsinlər və özünümüalicə ilə məşğul olmasınlar”.

T.Eyvazov vurğulayıb ki, rəsmi statistik məlumatlara əsasən, ən yüksək yoluxma göstəricisi 50-59 yaş aralığındadır (21%): "Yoluxma sayına görə ikinci yerdə 30-39 yaş (18%) və üçüncü yerdə 60-69 yaş aralığında (16%) olan şəxslər gəlir".

ONA

Teqlər:

SON XƏBƏRLƏR