Azərbaycanın Los Anceles şəhərindəki baş konsulu Nəsimi Ağayevin Azərbaycanın bolşeviklər tərəfindən işğalının və Azərbaycan Demokratik Respublikasının (ADR) süqutunun 100 illiyi ilə bağlı yazdığı məqalə ABŞ-ın xarici siyasət sahəsində ən nüfuzlu təşkilatlarından olan Beynəlxalq Siyasət üzrə Sakit Okean Şurası (Pacific Council on International Policy) tərəfindən dərc edilib.
ONA xəbər verir ki, Konsulluqdan verilən məlumata görə, məqalədə baş konsul 100 il əvvəl, 28 aprel 1920-ci ildə bolşevik qoşunlarının Azərbaycanı işğal etdiyini və ADR-in müstəqilliyinə son qoyduğunu bildirib. Diplomat ADR-in cəmi iki il öncə yarandığını və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika olduğunu qeyd edib. N. Ağayev ADR-in həmçinin müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verdiyini vurğulayıb.
Baş konsul ADR Parlamenti və Hökumətinin Azərbaycanın dini və etnik müxtəlifliyini bariz şəkildə əks etdirdiyini diqqətə çatdırıb.
N.Ağayev qeyd edib ki, 2018-ci ilədək Prezident Vilsonun yalnız Kaliforniyanın San Fransisko şəhərindəki çıxışında Azərbaycana dair fikirlər səsləndirməsi məlum idi. Ancaq ABŞ arxivlərində apardığı araşdırmaların nəticəsində baş konsul N.Ağayev, V.Vilsonun Şimali Dakota ştatında etdiyi çıxışda da Azərbaycanın qədim mədəniyyətə malik, mütərəqqi bir ölkə kimi xarakterizə etməsini aşkar etdiyini bildirib.
N.Ağayev tanınmış jurnalist Hugh Pope-un kitabına istinad edərək, Azərbaycan xalqının müstəqilliyin itirilməsi ilə barışmadığını, işğala qarşı mübarizə apararaq, 20 minə yaxın şəhid verdiyini vurğulayıb.
Baş konsul 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın bu gün regionda ən güclü iqtisadiyyata malik ölkə olduğunu və irimiqyaslı beynəlxalq enerji və nəqliyyat layihələri həyata keçirdiyini diqqətə çatdırıb. O həmçinin Azərbaycanda dinlərarası tolerantlıq və multikulturalizm ənənələrinin mövcud olduğunu, şiə və sünnilərin, xristian, yəhudi və digər dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və harmoniya şəraitində yaşadıqlarını və Azərbaycanın regionda və dünyada bu dəyərləri fəal şəkildə təbliğ etdiyini qeyd edib.