“Əməkdaşlarımız Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun mühafizə çəpərlərini daim nəzarətdə saxlasa da, yenə neqativ hallar baş verir. Əhali tərəfindən bu mühafizə çəpərinə, yolun xidmətinə ögey münasibət var. Metal torlar oğurlanır, qanunsuz açılır və mal-qara içəri salınır”.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 №-li Magistral Yolların İstismarı MMC-nin baş mühəndisi Ələddin Sadıqov bildirib.
Ə.Sadıqov qeyd edib ki, yolun mühafizəsi üçün 65 nəfər çalışır, hər 3 km-ə 1 işçi düşür: “Çəpərləmə işlərinin aparılması mümkün olmayan yol kəsişmələrində kənar müdaxilələr daha çox olur. Dəfələrlə əhali ilə söhbət aparılıb, bələdiyyələrə, icra nümayəndələrinə, polis orqanlarına yazılı-şifahi şəkildə müraciət edilib. Hələlik ciddi bir nəticə əldə olunmayıb. Əsasən də, yolun Ələt-Astara hissəsində mal-qara çox, kəndlər sıx olduğuna görə qəza hadisələri baş verir. Hazırda qurumun kimisə yerindəcə cərimə edə bilməsi üçün heç bir hüquqi əsas yoxdur”.
Baş mühəndis əlavə edib ki, əhalinin çox hissəsi həmin metal çəpəri səliqə ilə kəsir, heyvanlarını yolun ərazisinə buraxır: “Sonra həmin yeri elə bağlayır ki, qurumun əməkdaşları heyvanları çıxarmaq istəyəndə həmin kəsilmiş yeri tapa bilmir. Hava qaralan vaxt heyvanların sahibi gəlir, oradan heyvanları çıxarır: “Bu hal hər gün təkrarlanır. Avtomobillərin təhlükəsiz hərəkətinə mane olan digər bir məsələ isə hərəkət iştirakçıları tərəfindən yolun zibillənməsidir. Həyətindən zibili yığıb, gətirib yolun qırağına qoyanlar da var”.
Qeyd edək ki, 2018-ci ildə istifadəyə verilmiş Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu birinci texniki dərəcəli yoldur.
Hazırda 202 km hissəsi istismarda olan yolda sürət həddi 120 km/saat-dır.