• SOSİAL

    17:58 6 may 2019

Baş Prokurorluq: ANS-in fəaliyyətinin bərpası müzakirə predmeti deyil

Respublika Baş Prokurorluğu “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin açılacağı barədə məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluqdan ONA-ya bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə informasiyalar yayılıb.

"Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyul 2016-cı il tarixli qərarı ilə Milli Televiziya və Radio Şurasının “ANS Müstəqil Yayım və Media Şirkəti”nə qarşı kütləvi informasiya vasitəsinin fəaliyyətinə xitam verilməsi barədə iddiası təmin edilərək şirkətə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə və telekanalın fəaliyyətinə xitam verilib. Baş Prokurorluqda istintaq edilən “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin vətəndaşların hüquqlarını pozan, habelə qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməkdən yayındıran və başqa cinayət əməllərinin törədilməsi üzrə cinayət işinin icraatına şəraitin dəyişməsi ilə əlaqədar onlara aid hissədə xitam verilib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin prezidenti Vahid Mustafayev "Facebook"dakı səhifəsində bir müddət əvvəl Baş Prokurorluqdan məktub aldıqlarını yazıb: "Bir müddət əvvəl Azərbaycan Respublikasının Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq. Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi!"

Xatırladaq ki, ANS Müstəqil Yayım və Media Şirkətinin fəaliyyəti 18 iyul 2016-cı ildə dayandırılıb. Milli Televiziya və Radio Şurasının (MTRŞ) yaydığı məlumatda bildirilib ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib. Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb.

29 iyul 2016-cı il tarixində keçirilən məhkəmə ilə ANS-in lisenziyası ləğv edilib.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR