• SOSİAL

    11:12 31 may 2019

Baş prokurorun müavini: “Prezidentin Fərmanının icrası ilə əlaqədar yaradılmış işçi qrup fəaliyyətini başa çatdırıb”

“Vəkillər Kollegiyası ilə prokurorluq orqanları arasında yeni əməkdaşlıq mərhələsinə start verilib".

ONA-nın məlumatına görə, bunu Azərbaycan baş prokurorun müavini Namiq Əsgərov "Məhkəmə-hüquq islahatlarına vəkil baxışı" adlı konfransda deyib.

O bildirib ki, məhkəmə-hüquq islahatlarında hər bir Azərbaycan vətəndaşı yaxından iştirak etməlidir: "Prokurorluq peşəsini mənə sevdirən vəkil olub. "Vəkil" sözü çətinə düşəndə çağırılan şəxs mənasını verir. Vəkil hüquqi əsgərdir. "Prokuror" isə qayğı göstərən deməkdir. Hər iki peşə sahiblərinin və qurumun fəaliyyəti normativ aktlarla tənzimlənir. Vəkillər ədalət mühakiməsinin əsas təmsilçiləridir. Vəkillər və prokurorların fəaliyyəti insan hüquqları və azadlıqlarının müdafiəsinə yönəlib. Azərbaycanda 1500 vəkil, 1200 prokurorluq əməkdaşı var. Vəkil-prokurorluq münasibətləri bu gün çox yaxşı vəziyyətdədir. Şadam ki, bu gün vaxtilə prokuror işləmiş insanlar vəkil kimi fəaliyyət göstərir".

N. Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı Fərmanda Baş Prokurorluğa edilmiş 2 tövsiyə var: “Cənab baş prokuror Zakir Qaralovun göstərişi ilə Baş Prokurorluqda 15 nəfərdən ibarət işçi qrupu yaradıldı. Göstəriş verildi ki, Prezidentin Fərmanının icrası ilə əlaqədar qanun layihəsi hazırlansın. Baş Prokurorluq bütün qurumlara məktub göndərdi. Hər bir prokurorluq işçisinə bununla bağlı təkliflərini verməsini xahiş etdi. İşçi qrupu da fəaliyyətini başa çatdırdı. Mayın 2-də artıq təkliflərimizi tamamladıq. 200-dən çox təklif həm Ali Məhkəmə, həm də Ədliyyə Nazirliyinə göndərilib. Hazırda Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun işçiləri birlikdə Fərmanda qeyd olunan məsələləri yekunlaşdırmaq üzrədir. Layihə aidiyyatı üzrə quruma göndəriləcək”.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR