Bakı Dövlət Universitetində Novruz bayramı və Yel çərşənbəsi münasibətilə tədbir keçirilib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən ONA-ya verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev universitet kollektivini təbrik edib, sağlamlıq və firavan həyat arzulayıb.
Novruzun tarixi və mahiyyəti barədə danışan rektor Elçin Babayev bu bayramın ümidin, təbiətin yeniləşməsinin, eləcə də dostluğun, sülh və əməkdaşlığın təzahürü olduğunu diqqətə çatdırıb.
Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevin, Türkiyə, Türkmənistan, Çin və İran səfirliklərinin nümayəndələrinin, çoxsaylı qonaqların, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə qeyd edilən ölkələrin milli adət-ənənələrini əks etdirən səhnəciklər nümayiş etdirilib, tələbələrin təqdimatında ədəbiyyat nümunələri səsləndirilib və musiqilər ifa edilib.
Tədbir türk xalqlarının milli adət-ənənələri və Novruz rəmzləri ilə bəzədilmiş bayram süfrələri ilə tanışlıqdan sonra başa çatıb.